Kiçik və orta biznes subyektlərinə kənd təsərrüfatı sahəsində verilən kreditlərin həcmi açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kiçik və orta biznes subyektlərinə bir milyon manatadək güzəştli kreditlər verir.

Bunu agentliyinin sədr müavini Leyla Məmmədova "Post-pandemiya dövründə iqtisadi artımın stabilləşməsi zamanı kiçik və orta müəssisələrin innovativ fəaliyyəti" mövzusunda konfransda deyib.

O bildirib ki, sahibkarlara üç il müddətinə girovsuz 15 min manatadək güzəştli mikrokreditlər verilir.

"Bundan başqa, agentliyimiz mikrosahibkarlıq subyektlərinə üç il müddətinədək 30 min manat, eləcə də orta sahibkarlıq subyektlərinə 100 min manatadək güzəştli kreditlər ayırır. Həmçinin, agentlik orta sahibkarlıq subyektlərinə beş il müddətinə 200 min manatadək, iri sahibkarlara isə avadanlıq və texnika alınması üçün bir milyon manatadək kreditlər təqdim edir", - deyə o bildirib.