AMAL ÇƏRÇİVƏSİNDƏ ŞƏKİDƏ TÜTÜNÇÜLÜK ÜZRƏ LAYİHƏ HƏYATA REALLAŞDIRILACAQ

Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi AMAL layihəsi çərçivəsində Şəkidə tütünçü fermerlərlə görüş keçirilib. Şəki şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə AKİA sədri Mirzə Əliyev arqar məşğulluğun artırılması və gənclərin aqrar sahəyə marağının yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə tütünçülüyün inkişafına dair Dövlət Proqramının icra olunduğunu və bu sahənin inkişafı üçün bir sıra addımlar atıldığını qeyd edib. “AMAL layihəsi çərçivəsində tütünçülüklə bağlı layihələrin dəstəklənməsi də bu addımlardan biridir” – deyən Mirzə Əliyev fermerlərə tütün qurutma avadanlığının güzəştlə satılan kənd təsərrüfatı texnikası siyahısına daxil edildiyini bildirib. AKİA sədri əlavə edib ki, layihə çərçivəsində tütün qurutma avadanlıqları tütünçü fermerlərə güzəştli şərtlərlə veriləcək. “AMAL-da iştirak edən bir sıra gənclər qrup halında qoşulublar və biz gənclərin bu addımını çox yüksək dəyərləndiririk. Çox arzu edərdik ki, fermerlər kooporativ yaratmağa maraq göstərsinlər. Bu, onlara həm xərcləri paylaşmağa, həm texnika almağa, həm də güclərini birləşdirib daha yüksək gəlir əldə etməyə yardım edər” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Şəkidə tütünçü fermerlərlə görüşdə deyib.