KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCANDA İLK DƏFƏ KƏND TƏSƏRRÜFATI TEXNİKASI YARMARKASI KEÇİRİR

Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi ilə 20 may – 12 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Lənkəran ) texnika yarmarkaları keçiriləcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi yarmarkalardan birincisi Şəmkirdə baş tutub. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq, hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”- Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib və əlavə edib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Mirzə Əliyev qeyd edib ki, ötən həftə Bakıda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iri sahibkarlar texnika təchizatçılarının yenilikləri ilə tanış olmaq imkanı qazanıblar. Regionlarda təşkil edilən yarmarkaların məqsədi uzaq məsafələrə getmək imkanı və vaxtı olmayan kiçik və orta sahibkarlarını təchizatçılar, texnikalar və onların satışını rəsmiləşdirən bank, lizinq və sığorta şirkətləri barədə məlumatlandırmaqdır.

“Biz istərdik ki, bu yarmarkada iştirak edən təchizatçıların sayı fermerləri qane edəcək qədər çox olsun. Çünki bazar nə qədər çeşidli olarsa, rəqabət mühiti o qədər sağlam olar” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Mirzə Əliyev regionlarda texnika yarmarkalarının təşkilində Agentliyə dəstək olmuş şirkətlərə minnətdarlığını bildirib. Xüsusilə, baş sponsor Prior Leasing şirkətinin fəal iştirakı diqqət çəkib. Həmçinin AKİA-nın təşəbbüsünü dəstəklədiklərinə və iştiraklarına görə tədbirin sponsorları olan iri texnika təchizatçıları 4S – Klass A, İmprotex, Aqrolizinq və Agentliyin müvəkkil banklarından olan Kapital Bank və Muğanbank-a agentlik sədri təşəkkür edib.