BƏRDƏDƏ KƏND TƏSƏRRÜFATI TEXNİKASI YARMARKASI KEÇİRİLİR

Kənd Təsərrüfatı Nazirliyi Şəmkir rayonundan sonda Bərdədə texnika yarmarkası təşkil edib. Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyan yarmarka sabah başa çatacaq. 

Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər. 

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib. Mirzə Əliyev bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək. 

Növbəti kənd təsərrüfatı texnika yarmarkası mayın 26-27-də Şəkidə keçiriləcək. 

Xatırladaq ki, 20 may–15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılmış kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.