«TOXUMART» İLK MİLLİ TOXUM BREDNDİ YARADILIB

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu «Dövlət Özəl Tərəfdaşlıq» prinsipi əsasında özəl sektorla birgə toxum mağazasını istifadəçilərə təqdim edib. Mağaza «ToxumArt» əmtəə nişanı altında fəaliyyət göstərəcək. 
Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.
 
Mağaza Xaçmaz rayonunda açılıb. Coğrafi üstünlük onunla əlaqəlidir ki, yerləşdiyi məkan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodunun yanındadır. Beləliklə emal olunmuş toxumların satış imkanları birbaşa tənzimlənəcək. 
Toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa qoyulacaq.
 
Eyni zamanda burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və qulluq vasitələri də təklif edilir.
Bununla yanaşı fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcəkdir.  
 
Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da bu mağazada fermerlərə təqdim ediləcək.
 
“İlk mağazamız Xaçmazda işə başlasa da, yaxın günlərdə Şəkidə də “ToxumArt” mağazası açılacaq. Məqsəd qısa zaman ərzində keyfiyyətli toxumlarının əlçatanlığının təmin edilməsidir.
Ümumiyyətlə, mağazalar toxum emalı zavodlarımızın bir istiqaməti olacaq. Özlərinin sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular onları bizə sata biləcəklər. Bunun üçün yeganə şərt toxumların yüksək keyfiyyətə malik olmasıdır” – Dövlət Toxum Fondunun sədri Emin Əliyev belə deyib.