AZƏRBAYCANDA İLK DƏFƏ "RESPUBLİKA TOXUM SƏRGİ-SATIŞ" YARMARKASI KEÇİRİLƏCƏK

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmərlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq “Respublika toxum sərgi-satış” yarmarkası keciriləcək.

Oktyabrın 4-də Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmərlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumlar Asosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul  olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları  nümayiş etdiriləcək.

Sərgi çərcivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.