DÖVLƏT TOXUM FONDUNUN XAÇMAZ VƏ ŞƏKİ ŞƏHƏRİNDƏ YENİ İNŞA EDİLMİŞ TOXUM EMALI ZAVODLARINDA MÖVSÜM ƏRZİNDƏ 5000 TON TOXUM EMAL OLUNDU

Bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması dövlət tərəfindən prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə ölkəmizdə görülən işlərin böyük bir hissəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aiddir. O cümlədən, qarşıda duran vəzifələrin effektiv həlli məqsədilə Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətli tərkib hissələrindən biri də ölkədə toxumçuluğun inkişaf etdirilməsidir. Məhz bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin tebeliyində Dövlət Toxum fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə toxumçuluq sahəsində aparılan islahatların əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatını, eləcə də bölgə və regionların sosial-iqtisadı inkişafını nəzərdə tutan müvafiq dövlət proqramları üzrə həyata keçirilən tədbirlər eyni zamanda respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun da inkişaf etdirilməsini təmin edir.

Dövlət Toxum Fondunun sədri Emin Əliyevin sözlərinə görə “kənd təsərrüfatı bitkilərinin yeni sortlarından və keyfiyyətli toxumlardan istifadə ayrı-ayrı bitkilər üzrə məhsuldarlığı 20-30 faiz artırmağa imkan verir. Bu kontekstdə, Dövlət Toxum Fondunun 2019-cu ildə istismara başladığı Dənli Bitkilərin Toxumlarının Emalı Zavodlarının fəaliyyətini vurğulamaq labüddür. Bu müəssisələrdə  fermerlərdən toxum materialı qəbul edilir və emal olunaraq onlara təhvil verilir.”

Belə ki, keyfiyyətli toxumların təminatı üçün Dövlət Toxum Fondunun  tabeliyində Xaçmaz və Şəki şəhərlərində toxum emalı zavodlarında  mövsüm ərzində 5000 ton yerli və xarici toxum materialı emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və bugünədək emal olunmuş toxum təqribən 25000 hektar ərazini keyfiyyətli toxumla təchiz etmək üçün yetərlidir.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə qablaşdırılır.

Toxum email zavodları inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisədə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır. Qeyd edək ki, zavodlarda emal prosesi yekunlaşmaq üzrədir.

Keyfiyyətli toxum təchizatının həyata keçirilməsində ikinci vacib mərhələ toxumun fermerlərə əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə Toxum Fondunun yerlərdəki toxum satış məntəqlərinin fəaliyyətini qeyd etmək mümkündür.

“Toxumart” ticarət nişanı altında fəaliyyət göstərən bu mərkəzlər Xaçmazda, Zaqatalada və bu yaxınlarda Cəlilabadda öz qapılarını açaraq fermerlərə yaxın olmaq üçün öz xidmətlərini göstərəcək. Burada həm Toxum Fondunun toxum email müəssisələrində, həm də digər yerli toxum istehsalçılarının məhsulları ilə tanış olmaq və sifariş etmək mümkündür. “Toxumart” şəbəkəsinin bundan sonra da genişlənərək ölkənin müxtəlif bölgələrində təmsil olunacağı planlaşdırılır.