YAPONİYA AZƏRBAYCANLA İQTİSADİ ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİNƏ MARAQLIDIR

Yaponiya Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Bu sözləri Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye nazirinin parlament üzrə müavini Şuci Miyamoto Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasında iştirak etmək üçün bu ölkəyə səfərə gəlmiş Azərbaycan nümayəndə heyəti ilə noyabrın 21-də keçirilən görüşü zamanı deyib.

Əvvəlcə nümayəndə heyətinin rəhbəri, komissiyanın həmsədri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dost ölkələrimiz arasında münasibətlərin inkişafından məmnun olduğunu bildirib. O, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli əlaqələrin bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib.

Nazir enerji sahəsi ilə yanaşı, qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda yaradılmış münbit şərait barədə məlumat verərək, ölkəmizdə kənd təsərrüfatı, nəqliyyat infrastrukturu və turizm sahələrinin inkişafı ilə əlaqədar həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi nəhəng nəqliyyat-logistika layihələri yalnız region üçün deyil, eyni zamanda, həmin nəqliyyat dəhlizlərindən istifadə edəcək bütün ölkələr üçün faydalıdır. Nazir Yaponiya ilə Azərbaycan arasında həmin istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

S.Miyamoto isə öz növbəsində deyib ki, Yaponiya Azərbaycan ilə iqtisadi-ticari və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkələrimiz arasında həyata keçiriləcək bu layihələr hər iki tərəf üçün faydalı ola bilər.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı iqtisadi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti noyabrın 22-də Yaponiyanın Ətraf Mühit naziri ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AKİA-nın sədri Mirzə Əliyev Yaponiya hökumətinin Azərbaycanda kənd təsərrüfatına verdiyi dəstəyi yüksək qiymətləndirib. Sədr xüsusilə, aqrar təhsilə Yaponiya hökumətinin dəstək verdiyini, ADAU-ya böyük məbləğdə laboratoriya avadanlıqları hədiyyə etdiyini deyib. 

Həmin gün nümayəndə heyətimiz Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm nazirliklərində, “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları üzrə Təşkilat Komitəsində, eləcə də “Itochu” korporasiyası, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (JICA) və Yaponiyanın Xarici Ticarət Təşkilatında (JETRO) da görüşlər keçirib.

Görüşlərdə informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, enerji, ətraf mühitin mühafizəsi, biznesin idarə olunması sahələrində kadrların ixtisasının artırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb. Yüksək texnologiyaların tətbiqi, turizmin inkişafı və sair sahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan tərəfinin qarşılıqlı əməkdaşlığın inkişafı ilə əlaqədar konkret təklifləri Yaponiya tərəfinin diqqətinə çatdırılıb.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə görüşlərdə iştirak ediblər.