“TOXUMART” ƏMTƏƏ NİŞANI ALTINDA CƏLİLABAD RAYONUNDA NÖVBƏTİ TOXUM MAĞAZASI AÇILIB

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Cəlilabad rayonunda fermerlərin istifadəsinə verilib.

“Dövlət — Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin və  Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri təklif edilir.

Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim ediləcək. Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.

Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan kənd təsərrüfatının inkişaf etdiyi cənub regionunun mərkəzində fəaliyyət göstərir. Beləliklə, fermerlərin toxum ehtiyacı və satış imkanları birbaşa tənzimlənəcək.

Açılışda yerli İcra Hakimiyəti rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və digər qonaqlar iştirak etmişdirlər.

Mağazanın açılışında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Dövlət Toxum Fondu bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir. “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli ətlik və  südlük buğa toxumlarının satışı “TOXUMART” mağazaları vasitəsilə daha əlçatandır. Burada süni mayalandırma üzrə mütəxəssislər toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər” - Emin Əliyev deyib.