AMAL ÇƏRÇİVƏSİNDƏ LƏNKƏRANDA 150 HEKTAR SAHƏDƏ LİMON AĞACLARI ƏKİLİB

Kənd Təsərrüfatı Nazirliyi sitrus meyvəçiliyinin inkişafı məqsədilə Lənkəran rayonunda limon bağlarını genişləndirir. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKIA) həyata keçirdiyi pilot layihə çərçivəsində 35000 ədəd limon tingi alınıb. Lənkəran rayonunun 28 kəndində 50 hektar ərazidə bu tinglər əkilərək yeni bağlar salınıb və 100 hektar sahəni əhatə edən mövcud bağlar bərpa edilib. 2 illik tinglərin növbəti ildən başlayaraq məhsul verəcəyi gözlənilir.

Pilot layihə çərçivəsində 300-dən artıq fermerin sitrus bağlarına qulluq ilə bağlı bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər keçirilib. Bundan əlavə, fermerlərin istifadəsi məqsədilə sitrus bağlarında əkin və qulluq işləri aparmaq üçün traktorlar, müxtəlif qoşqu və avadanlıqlar verilib. Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) subkomponenti kimi icra olunan bu layihələr xüsusilə gənclərin kənd təsərrüfatı sahəsində məşğulluğunun artırılmasına yönəlib və bu layihədən əsas faydalanan tərəf gənc fermerlərdir.

AMAL gənclərin kənd təsərrüfatına marağının yüksəldilməsi, aqrar məşğulluğun artırılması, aqrar sahəyə innovativ ideyaların cəlb edilməsi və dəstəklənməsi məqsədi daşıyır. Layihəni BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirir və AKİA tərəfindən icra olunur.