NAZİRLİK MASALLIDA YENİ ÇAY PLANTASİYALARI SALIB

Masallıda yeni çay plantasiyaları salınıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 540 min çay tingi alınıb. Tinglər Masallı rayonunun 5 kəndinin fermerlərinə məxsus 15 hektar ərazidə əkilib. 

“Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər də alınaraq, fermerlərin istifadəsinə verilib. Layihədən faydalanan 100-dən artıq fermerə bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər keçilib. 

Kənd Təsərrüfatı Nazirliyinin AMAL – Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində həyata keçirdiyi bu layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi icra edir.

Yerli fermerlərin çay tinglərinə olan tələbini ödəmək məqsədilə, 3 hektar ərazidə də tingçilik sahəsi salınıb. 

Çay bitkisi bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən ən yüksək subsidiya məbləği verilən bitkidir. Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. 7 ildən sonra isə subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat olmalıdır.

Çayçılıq Masallıda son illərdə xüsusi diqqət verilən sahədir. 2013-cü ildə 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb.