PAMBIQÇILIQ ÜZRƏ MÜQAVİLƏ ƏSASLI TƏSƏRRÜFATÇILIQ SAHƏSİNDƏ SEMİNAR KEÇİRİLİB.

Pambıqçılıq strateji əhəmiyyətli, əmək tutumlu və iqtisadi cəhətdən çox səmərəli istehsal sahəsi olduğu üçün Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə Azərbaycanda aqrar sahənin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla birgə layihələr uğurla həyata keçirilməkdədir. Bu kimi layihələrdən biri də Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birgə müvəffəqiyyətlə icra edilən "Azərbaycanın İnvestisiya mühiti və Aqrobiznes Rəqabətliliyi" layihəsidir.

Cari ilin 11 dekabr tarixində AKİA-nın təşkilatçılığı ilə İFC tərəfindən “Pambıqçılıq sektorunda müqavilə əsaslı təsərrüfatçılıq” mövzusunda təlimçilərin təlimi keçirilmişdir.

Fermərlərin və pambıq tədarükü sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin mənafelərinin qorunması, mümkün mübahisələrin, risklərinin minimuma endirilməsi və bu mübahisələrin həllinin asanlaşdırılması, həmçinin məhsulun gəlir gətirməsi üçün imkanların maksimum dərəcədə artırılması məqsədilə IFC-nin beynəlxalq məsləhətçisi Nikola Qergelinin təqdimatı ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi Aparatı, AKİA, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu və ADAU-nun nümayəndələri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsi səfirləri ilə birgə ümumilikdə 40 nəfər iştirak etmişdir.

Təlimçilərin təlim kursunda pambıqçılıq sektorunda maraqlı tərəflərin müqavilə əsaslı təsərrüfatçılıq sahəsində qabaqcıl təcrübələr barədə, Azərbaycanın pambıqçılıq sektorunda istifadə olunan müqavilə əsaslı təsərrüfatçılıq sisteminə dair, habelə pambıqçılıq sektoru üçün beynəlxalq təcrübəyə uyğun yeni təklif olunan müqavilə şablonunun tətbiqi ilə bağlı məlumat verilmiş və təqdimat keçirilmişdir. Təlim keçən təlimçilər müvafiq sertifikatlarla təltif olunacaqlar.

Mövcud pandemiya məhdudiyyətlərinə baxmayaraq AKİA tərəfindən beynəlxalq təcrübənin kənd təsərrüfatının inkişafına tətbiq edilməsi və təlimçilər yiyələndikləri biliklərlə öz növbəsində yerlərdə fermerlərə və digər aidiyyəti şəxslərə keyfiyyətli maarifləndirmə işlərinin aparılması məqsədilə gələcəkdə təlim və seminarların keçirilməsi nəzərdə tutulur.