AKİA LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İQLİMƏ UYĞUN AĞILLI KƏND TƏSƏRRÜFATI TƏCRÜBƏLƏRİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAGATE) ilə birlikdə “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsi həyata keçirəcək. Layihənin əsas məqsədi Azərbaycanda pambıq istehsalının genişləndirilməsi ilə bağlı ekoloji stresə (quraqlığa, şoranlığa, xəstəliklərə) davamlı pambıq sortlarının yaradılması və onların molekulyar-genetik əsaslarını öyrənməkdir.

Layihəyə hazırlıq məqsədilə xarici ekspertlər tərəfindən fevralın 22 və 23-də yerli mütəxəssislərimizə “Pambıq istehsalı ilə bağlı iqlimə uyğun ağıllı kənd təsərrüfatı təcrübələri və 15N texnologiyasının əhəmiyyəti” mövzusunda virtual təlim keçirilib. Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin, AKİA-nın, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, ADAU-nun əməkdaşları, eyni zamanda gənc alimlər və tədqiqatçılar iştirak edib.

Yerli iqlim şəraitinə uyğun və keyfiyyət standartlarına cavab verən sortların yaradılmasında nüvə texnologiyasının tətbiqi, eləcə də pambıqçılqda dayanıqlı istehsala nail olmaq üçün nüvə texnologiyası və onunla bağlı metodlardan (torpaq, qida maddələri və su resurslarını optimallaşdırmaq üçün izotop və nüvə metodları)  istifadə olunmasına yardım kimi məsələlər təlimin müzakirə mövzusu olub. Mütəxəssislər xəstəliklərə, quraqlığa və şoranlaşmaya, ümumilikdə, yerli iqlim şəraitinə  davamlı mutasiya olunmuş pambıq toxumlarının yetişdirilməsi barədə fikir mübadiləsi aparıblar.