Təchizatçı olmaq üçün nə etməliyəm?

 

Agentliyin müvəkkil təchizatçılarının siyahısına daxil olmaq üçün təchizatçılar aşağıdakı sənədlərlə birlikdə Agentliyə yazılı şəkildə müraciət edir :

- təchizatçının hüquqi statusuna dair sənədlər;

- qiymətləndiricinin rəhbər işçilərinin vəzifəyə təyin olunması haqqında qərarların (əmrlərin) surətləri (qiymətləndirici hüquqi şəxsdirsə);

- qiymətləndiricinin məsul şəxslərinin imza nümunələri və möhürünün əksi (qiymətləndirici hüquqi şəxsdirsə);

- təchizatçının satınalma sahəsində iş təcrübəsi haqqında məlumatlar;

- son bir il ərzində xidmət göstərdiyi müştərilər haqqında məlumat;

- təchizatçının əməkdaşlıq etdiyi bank(lar) və ya digər hüquqi şəxs(lər) tərəfindən onun işinin səviyyəsini əks etdirən tövsiyyə məktubu;

- təchizatçının daimi ofisinin ünvanına dair məlumat.

 

 

Müvəkkil Kredit Təşkilatları və əlaqə vasitələri:

MKT adı

Əlqali şəxs

Əlaqə nömrəsi

Access Bank ASC

Yusif Əliyev

(+99455) 301 09 51

Azərbaycan Beynəlxalq Bankı ASC

Rauf Əhədov

(+99455) 270 44 99

BTB Bank ASC

Nicat Cəfərov

(+99450) 281 88 87

Express Bank ASC

Kərim Quliyev

(+99455) 515 27 52

Günay Bank ASC

Zamin Cəfərov

(+99450) 228 57 62

Kapital Bank ASC

İlqar Ocaqov

(+99450) 226 88 53

Muğan Bank ASC

Vidadi Carçıyev

(+99455) 909 61 00

NBC Bank ASC

Kamran Rəsulov

(+99477) 277 83 18

Paşa Bank ASC

Zaur Səidov

(+99450) 251 66 40

Rabitə Bank ASC

Lalə Məmmədova

(012) 598 44 88 (daxili-283)

Turan Bank ASC

Əfqan Əbdulov

(+99455) 255 76 63

 

KƏND TƏSƏRRÜFATI TEXNİKASI ALMAQ İSTƏYİRSƏN?

 

Nağd ödəmə ilə:

  • Texnikanı seç;
  • Bankda hesab aç və texnikanın qiymətinin güzəşt edilməyən hissəsi qədər vəsait yerləşdir;
  • Texnikanın qiymətləndirilməsi haqda akt əldə et;
  • Texnikanın kasko sığortasını etdir;
  • Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

 

Kreditlə:

  • Texnikanı seç;
  • Texnikanın göstəriciləri barədə təchizatçının verdiyi arayışla müvəkkil kredit təşkilatına müraciət et;
  • Texnikanın qiymətləndirilməsi haqda akt əldə et;
  • Texnikanın kasko sığortasını etdir;
  • Texnikanın qiymətinin minimum 20%-ni ilkin ödəniş et;
  • Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

 

Güzəşt edilməsi üçün tələb olunan sənədlər

  1. Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə və iltizamnamə;
  2. Texniki göstəricilərə dair təchizatçının təqdim etdiyi sənəd;
  3. Təchizatçı ilə bağlanmış müqavilənin əsli;
  4. Şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial təsdiq) və bank rekvizitləri;
  5. İlkin ödənişi təsdiq edən mohürlü bank sənədi;
  6. Təchizatçının imzası və (və ya) möhürü ilə təsdiq edilmiş gömrük bəyannaməsinin surəti (idxal olunan texnika olduqda);
  7. Sığorta haqqı (kasko) ödənişini təsdiq edən sənədlər;
  8. Qiymətləndirmə aktı;

 

* Hüquqi şəxs olduqda:

  1. Nizamnamənin surəti;
  2. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;
  3. VÖEN-in surəti;
  4. Təkbaşına və ya kollegial icra orqanının rəhbərinin təyin edilməsi haqqında sənədin surəti;

Bakıda “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin iştirakçılarının I toplantısı keçirilib. Toplantıya AMAL layihəsində iştirak üçün müraciət etmiş 300-dən çox gənc qatılıb.  Mərasimdə açılış nitqi söyləyən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AMAl layihəsinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə bir neçə ay əvvəl start verildiyini deyib. Nazir müavini layihəyə regionlarda çox böyük maraq göstərildiyini, qısa vaxt ərzində yüzlərlə gənc kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğunu bildirib. İlhamə Qədimova qeyd edib ki, layihənin coğrafiyası və fəaliyyət dairəsi çox genişdir və bu layihə aqrar sahədə idarəetmə modelinin dəyişməsinə də imkan yaradacaq. Nazir müavini gənclərin uğurlu biznes yaratması işinə hər cür dəstək göstəriləcəyini söyləyib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu vurğulayıb, gənclər arasında bu sahəyə olan marağı yüksək qiymətləndirib. Nazir müavini deyib ki, kənd yerlərində məşğulluğun artırılması və işsizliyin aradan qaldırılmasında AMAl layihəsi mühüm rol oynayacaq.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında bildirib ki, innovativ layihələrin həyata keçirilməsi üçün gələcəyin fermerlərinə güzəştli kreditlər veriləcək və onlara hər cür dəstək göstəriləcək.

Toplantıda çıxış edən Milli Məclisin deputatları Vahid Əhmədov və Zahid Oruc gənclərin məşğulluq problemlərinin həllində layihənin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, yeni qəbul edilən “2019-2023-cü illərdə  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar sahənin aparıcı yer tutur və qarşıya qoyulan vəzifələrin icrasında bu kimi layihələrin əhəmiyyəti böyükdür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov aqrar məşğulluğun artırılmasında AMAL layihəsinin mühüm rol oynayacağına əmin olduğunu deyib. O bildirib ki, bu kimi layihələr aqrar sahədə yeniliklərin tətbiqini dəstəkləyir, aqrar sahədə innovativ təşəbbüslərin gerçəkləşməsinə dəstək olur. Nadir Adilov AMAL layihəsinin öz ideyalarını gerçəkləşdirmək üçün yeni fürsətlər yaradacağını deyib.  

Tədbirdə Bahar Qadın İnkişaf Qrupunun rəhbəri Gülbahar Əmiraslanova, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqram, Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssisi Natəvan Aslanova, AMAL layihəsinin iştirakçıları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL layihəsinin iştirakçılarına uğurlar diləyib. O bildirib ki, AMAL layihəsi kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Mirzə Əliyev bu layihə çərçivəsində gənclərin aqrar sahəyə marağının artacağını, kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarının genişlənəcəyini deyib.

Toplantıda “Kənd yerlərində gənclərin məşğulluğu” və “Aqrar sahədə gənclərin məşğulluğunun artırılması üçün yeni imkanlar” mövzusunda sessiyalar keçirilib. Sessiyalardan sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL-çıların suallarını cavablandırıb.

Toplantı çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov AMAL layihəsinin iştirakçıları ilə görüşüb. Layihə iştirakçılarına uğurlar diləyən nazir bildirib ki, AMAL gənclərin aqrar təşəbbüslərini dəstəkləmək məqsədilə həyata keçirilir: "Siz gənclər həm də bu layihənin ilk iştirakçılarısınız. Həm dövlətin yürütdüyü gənclər siyasəti, həm bu layihədə iştirak Sizə böyük təcrübə qazandıracaq. Növbəti layihələrdə iştirak edəcək gənclər Sizlərin təcrübələrindən yararlanacaqlar".
Nazir bildirib ki, layihə çərçivəsində bölgələrdə gənclərə öz aqrar təşəbbüslərini həyata keçirməyə dəstək veriləcək, onlara təlimlər keçiriləcək.

Görüşdən sonra toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.

AMAL Gənclərinin I toplantısının iştirakçıları həmçinin Pirşağı qəsəbəsində yerləşən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna baş çəkiblər. AMAL-çılar institutda yeni istifadəyə verilən “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

1.2.1. adında və 1.1-ci bənddə “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2.2. mətn üzrə ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.2.3. 1.1-ci bənddə “kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini, maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata keçirən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədi ilə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kredit şəklində verilməsini və həmin vəsaitdən təyinatı üzrə istifadəni təmin edən” sözləri “bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.2.4. 1.5-ci bənddə “dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan” sözləri “dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən” sözləri ilə əvəz edilsin;

1.2.5. 2.0.1−2.0.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.0.1. aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək;

2.0.2. aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak;

2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə kreditlər vermək;

2.0.4. aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etmək.”;

1.2.6. 3-cü və 4-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“3. Agentliyin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;

3.0.2. kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil kredit təşkilatları vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.0.3. kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq;

3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənmək və regionların aqrar inkişaf imkanlarını qiymətləndirmək;

3.0.5. aqrar sahədə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, kənd təsərrüfatı sahələrinin dəstəklənməsi və inkişafı ilə bağlı müvafiq tədbirlər görmək;

3.0.6. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqələr keçirmək, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparmaq və onları qiymətləndirmək, habelə layihələrin icrasına nəzarət etmək;

3.0.7. kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.0.8. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin etmək;

3.0.9. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin, seminarların və elmi-praktik konfransların keçirilməsini təşkil etmək və ya bu tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.0.10. kreditlərin və güzəştlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxmaq, təklif edilən layihələrin ekspertizasını (qiymətləndirilməsini) keçirmək, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul etmək;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.0.12. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.13. Agentliyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.14. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.0.15. aqrar sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.0.1. aqrar sahədə kreditlərin və güzəştlərin verilməsi, onlardan təyinatı üzrə istifadənin monitorinqinin aparılması, mexanizmin təkmilləşdirilməsi və güzəşt tətbiqinin prioritet hesab edildiyi sahələr barədə Nazirliyə təkliflər vermək;

4.0.2. Agentliyin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;

4.0.3. regionların aqrar inkişafı üzrə konsepsiyaların, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.4. aqrar sahədə tətbiqi nəzərdə tutulan investisiya layihələrinin, kənd təsərrüfatı istehsal vasitələrinə tətbiq edilən güzəştlərə dair müraciətlərin qiymətləndirilməsi meyarları barədə Nazirliyə təkliflər vermək;

4.0.5. aqrar sahədə layihələrin həyata keçirilməsi, dəstək tədbirlərinin tətbiqi ilə bağlı beynəlxalq müqavilələr bağlanması barədə Nazirliyə təkliflər vermək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.8. aqrar sahəyə aid maarifləndirici bülletenlər və digər nəşrlər buraxmaq, elektron xidmətlər təşkil etmək;

4.0.9. Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

4.0.10. Agentliyin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;

4.0.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

1.2.7. 5-ci hissədə ismin müvafiq hallarında “rəis” sözü ismin müvafiq hallarında “sədr” sözü ilə əvəz edilsin;

1.2.8. 5.5.4-cü və 5.5.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.5. Agentlik sədrinin müavinləri və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;”;

1.2.9. 5.5.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2018-ci il.

AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) barədə daha ətraflı məlumat vermək məqsədi ilə 19 dekabr 2018-ci il tarixdə saat 11:00-da İsmayillı rayonunun Mədəniyyət Evində İsmayillı, Oğuz və Qəbələ rayonlarında yaşayan gənclərlə görüş keçiriləcək.

 

20 dekabr 2018-ci il tarixdə saat 11:00-da Şamaxı rayonunda yerləşən  İncəsənət mərkəzində Şamaxı, Ağsu, Qobustan rayonlarının gəncləri üçün görüşolacaq.

 

Görüşlərə rayon və kəndlərdə yaşayan bütün gənclər, o cümlədən kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımlar və məcburi köçkün ailələrindən olan gənclər dəvət olunur.

 

Tədbirlə bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək istəyənlər office@amal.gov.az e-mail ünvanına müraciət edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatı keçirilib.

“AMAL” Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi “AMAL” layihəsi regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

“AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

“Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək” – Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AMAL-ın təqdimatı zamanı belə bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxışında bildirib ki, layihə 2018 və 2020-ci illəri əhatə edir:

"Ümumiyyətlə meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Bu keçid 2050-ci ildə dünyada 200 milyon yeni iş yeri açılmasına səbəb olacaq. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuldarlığın artmasına müsbət təsir göstərir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, layihənin ümumi büdcəsinin bir hissəsi kredit və qrantlardan təşkil olunub:

"İl sonunadək 2 milyon manat ayrılması nəzərdə tutulub. Layihə çərçivəsində yaşıl ideyası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması nəzərdə tutulub. Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş 10 pilot rayonu əhatə edəcək”.

Qeyd edək ki, layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb. Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.

“Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir” - Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev yeni layihəni şərh edərkən belə deyib.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib.

Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb. “Layihəyə qatılan gənclər ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar. Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar. Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər” – Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib. 

Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

 

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi fermer assosiasiyaları üçün təqdimat keçirib. Təqdimatda  özəl biznes nümayəndələrinə Layihə çərçivəsində həyata keçirilən Dəyər Zəncirlərinin Yaradılması sub-komponenti barədə məlumat verilib. Komponent rəhbəri Rəşad Kərimov, aqrobiznes üzrə mütəxəssis Nəzakət Əsədova fermerlərə layihədən necə faydalana biləcəklərini ətraflı izah ediblər. Bildirilib ki, Dəyər Zəncirlərinin Yaradılması sub-komponenti idxalı əvəzləmək və ixracı artırmaq məqsədilə ölkədə yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi daşıyır. Sub-komponent çərçivəsində verilən qrantlardan faydalanmaq üçün fermer və sahibkarlar innovative layihə təklif etməlidirlər. Təklif olunan layihələrdə innovativ yanaşmadan başqa, tərəfdaşlıq da əsas tələbdir. Belə ki, qrant bir nəfərin deyil, bütöv dəyər zənciri iştirakçılarının – tarladan süfrəyədək istehsal zəncirinin bütün üzvlərinin mövcud problemlərinin həllinə yönəlməlidir.

Təqdimatda fermer assosiasiyalarını maraqlandıran suallara cavab verilib. 

Görüşdə Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Arıçılar Assosiasiyası, Azərbaycan Toxumçular Assosiyası, Azərbaycan Südçülər Assosiasiyası, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Çəltikçilik Assosiasiyasının rəhbər və nümayəndələri iştirak ediblər.

 

Aqrar fəaliyyətlə məşğul olanların güzəştli kredit üçün banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən online ünvanlaya biləcəklər.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yaradılmış platforma (http://agrocredit.agro.gov.az/login ) fermer, Dövlət Xidməti və kredit təşkilatlarını bir ünvana yığır.  

Xidmətin rəisi Mirzə Əliyev bildirib ki, öz ASAN imzası vasitəsilə platformaya daxil olan fermer kredit üçün müraciət formasını doldurur: “Fermer özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulmuş müraciət formasını platform vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit Şöbəsində izlənilir və araşdırılır. Yeni platforma fermer və sahibkarların işini yüngülləşdirərək, evdən çıxmadan kredit üçün müraciət etmək imkanı yaradacaq, eləcə də kredit müraciətlərinin qəbulunda şəffaflığı təmin edəcək”.  

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, yaxın vaxtlarda platformada fermer və sahibkarların öz məsrəf və mənfəətlərini hesablamaq imkanı da olacaq. Elektron platforma vasitəsilə kredit götürənlər aqrar kreditlərini də ödəyə biləcəklər.

Azərbaycanda xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı İordaniya istehsalı olan “REV-1” vaksini ilə peyvəndləmə aparılır. 2018-ci ilin aprel ayından növbəti peyvəndləmə kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində avqustun 1-nə kimi ölkə üzrə 3-8 aylıq dişi xırdabuynuzlu heyvanların peyvəndlənməsi aparılıb.

Hazırda 3 aylıqdan yuxarı yaş qrupuna daxil olan və müxtəlif səbəblərdən peyvənd edilməmiş dişi, lakin boğaz olmayan xırdabuynuzlu heyvanların peyvəndlənməsi davam etdirilir.

Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin mütəxəssisləri xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını və keyfiyyətini qiymətləndirmək məqsədi ilə birgə Masallı, Neftçala, Siyəzən, Qusar, Oğuz, Zaqatala, Şamaxı, Yevlax, Şəmkir, Beyləqan, Ağcabədi və Sabirabad rayonlarına səfər ediblər.

Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizlik torbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

2018-ci ilin yanvar–iyul ayları ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. 2018-ci ilin ilk 8 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin ilk 8 ayı ərzində 518760 baş iribuynuzlu, 150764 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.