AKIA- MƏLUMAT 2020 ci il

2020-ci il ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən görülmüş işlər haqqında

MƏLUMAT

Aqrar inkişaf layihələrinin kreditləşdirilməsi və idarə edilməsi

 

Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində 2020-ci il ərzində 30 sub-borcalan təsərrüfata 6735,0 min manat məbləğində güzəştli kənd təsərrüfatı krediti verilmiş və nəticədə 392 yeni iş yeri yaradılmışdır.

Layihənin innovativ fəaliyyətlərindən olan aqrobiznes dəyər zəncirlərinin yaradılması istiqamətində işlər davam etdirilərək 2020-ci il ərzində 1.13 mln ABŞ dolları (1.92 mln manat) məbləğində qrant vəsaiti verilmişdir. Belə ki, hesabat ili ərzində “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri sub-layihəsinin icrası yekunlaşmış və rəsmi açılışı keçirilmişdir. “Xaçmaz rayonunda balın müasir istehsalı və qablaşdırılmsı” və “Qəbələ rayonunda fındığın müasir üsullarla emalı və qablaşdırılması” dəyər zənciri sub-layihələrinin icrası yekunlaşmış, lakin COVİD-19 pandemiyası ilə əlaqədar rəsmi açılışlar keçirilməmişdir. Hər iki sub-layihədə nəzərdə tutulan hədəflər qarşılanmışdır.

Digər 15 sub-layihənin icrası nəticəsində indiyədək 1.375 daimi və mövsümi iş yerləri yaradılmışdır.

“Heyvan sağlamlığı və baytarlıq xidmətləri” istiqamətində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuş həcmdə peyvənd tədarük edilmiş və ölkəni əhatə edən peyvəndləmə kampaniyası davam etdirilmişdir. Nəticədə 2020-ci il ərzində 4.809.617 baş xırdabuynuzlu və 1.140.420 baş iribuynuzlu heyvan peyvənd edilmişdir.

Layihənin heyvan sağlamlığı və baytarlıq xidmətləri sub-komponenti çərçivəsində köməkçi operatorların hazırlanması üçün 104 nəfər baytar həkimə (baş baytar həkim və epidemioloqlar) tədris metodikasının təşkili, sahə baytar həkimləri üçün yardım göstərəcək 1.761 nəfər köməkçi operatorların hazırlanması, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ölkə üzrə sahə baytarlıq məntəqələrinin 1.624 baytar mütəxəssisi üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması mövzularında təlimlər keçirilmişdir.

Layihənin bitki sağlamlığı istiqamətində fitosanitar müfəttişlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, həmçinin alimlər və tələbələr arasında geniş istifadə olunan “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərverici orqanizmlər” adlı ölkədə ilk dəfə hazırlanmış atlas əsasında www.pest-atlas.az elektron portal hazırlanmışdır. Portal vasitəsi ilə atlasın elektron versiyası üzrə müxtəlif axtarış imkanları təmin edilmişdir.

Azərbaycan Respublikası Hökuməti ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) və İslam İnkişaf Bankının birgə həyata keçirdiyi “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində 2020-ci il ərzində Yevlax rayonunda 9 Sudan İstifadəedənlər Birlikləri (SİB) ərazisində təsərrüfatdaxili suvarma sistemləri üzrə 109,4 km torpaq, 10,9 km yeni beton üzlüklü, 53,5 km mövcud beton və nov kanallarda işlər aparılmış, 275 ədəd müxtəlif hidrotexniki qurğular tikilmişdir.

Həmçinin Yevlax rayonu Aran qəsəbəsində 4000 ha ərazinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə metal boru xətti çəkilmişdir. Ağdaş rayonunda 8 SİB ərazisində təsərrüfatdaxili suvarma sistemləri üzrə 122,6 km torpaq kanallarda, 63,6 km mövcud beton və yeni beton kanallarda, 10,5 km nov kanallarda, 51,0 km drenaj kanallarda işlər aparılmış, 621 ədəd yeni hidrotexniki qurğu tikilmiş, 169 qurğu isə təmir olunmuşdur.

Torpaq kanalların beton kanallarla əvəzlənməsi su itkilərini 45%-dək azaltmış, görülmüş işlər nəticəsində hər iki rayon üzrə 124 kəndin 26.603 təsərrüfatında 73293 ha ərazidə suvarma suyuna olan tələbat yaxşılaşmışdır.

Yevlax və Ağdaş rayonlarında 17 SİB üçün yeni ofis binalarının tikintisi yekunlaşaraq istismara verilmiş, müvafiq ofis avadanlıqları və mebel ilə təhciz edilmişdir.

Layihənin icra edildiyi ərazilərdə (Yevlax, Ağdaş, Oğuz, Şəki) 200 kənddə səfərbərlik aparılaraq müəyyən edilmiş ehtiyaclar əsasında Kənd Fəaliyyət Planları (KFP) hazırlanmış, 200 kəndin 32.000-dən çox ailə-kəndli təsərrüfatını əhatə edən 135 sosial infrastruktur (63 içməli su, 41 suvarma kanallarının təmizlənməsi, 10 drenaj, 17 yol, 3 tibb məntəqəsi və 1 məktəbin istilik sisteminin yaxşılaşdırılması) obyekti layihələndirilmiş, onlardan 91 layihə üzrə (40 içməli suyun bərpası, 32 suvarma suyunun bərpası, 11 yolun bərpası, 1 tibb məntəqəsinin tikintisi, 6 drenaj şəbəkəsinin yaxşılaşdırılması, 1 məktəbin istilik sisteminin yaxşılaşdırılması) işlər tamamlanmışdır.

            KYKİL–in kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması komponenti çərçivəsində layihə ərazisinin 81 kəndinin 424 təsərrüfatında 546 iribuynuzlu heyvana süni mayalanma xidmətləri göstərilmiş, 310 ədəd yeni buzov əldə olunmuşdur. 46 kəndin 247 təsərrüfatında baytarlıq xidmətləri göstərilmişdir.

Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən  həyata keçirilən “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində “Toxumçuluq haqqında” və “Bitki sortlarının mühafizəsi haqqında” qanun layihələri hazırlanmışdır. Qanun layihələri KTN tərəfindən baxılmış və digər qurumlara rəy və təklif üçün göndərilmişdir.

Kənd təsərrüfatı sektorunda investisiyanın təşviqi - Aqrobiznes İnvestisiya Təşviqinə dair 2020-ci il üzrə Fəaliyyət Planı hazırlanmışdır. Ölkə üçün prioritetləşdirilən sub-sektorlar üzrə (xurma, fındıq, pomidor və nar) benchmarking (müqayisəli təhlil) hazırlanmış, həmçinin bacarıqların artırılması üzrə təlim keçirilmişdir.

Seçilmiş istiqamətlər (xurma, fındıq, pomidor və nar) üzrə 250 beynəlxalq şirkət arasından 50 potensial investor müəyyənləşdirilmişdir. Potensial investorlara göndərilməsi (fındıq məhsulu üzrə) üçün ilkin məktub və təqdimat İFC ilə razılaşdırılmaqla hazırlanmışdır. Hal hazırda aidiyyəti üzrə imzalandıqdan sonra göndərilməsi üçün yekun işlər görülməkdədir.

2020-ci ildə kənd təsərrüfatı sahəsində beynəlxalq təşkilatların dəstəyi ilə və dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumilikdə 19 texniki yardım layihəsi həyata keçirilmiş, onlardan “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya və məsləhət xidmətlərinin potensialının gücləndirilməsi” layihəsinin icrası 2020-ci ildə uğurla başa çatdırılmış və 18 layihənin icrası davam etdirilir. Bu layihələr çərçivəsində, əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu), bitkiçilik (fındıqçılıq, sağlam kartof toxumçuluğu, aqro-bioloji müxtəlifliyin mühafizəsi), kənd təsərrüfatında subsidiya mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə informasiya və məsləhət xidməti, aqrobiznes investisiyalarının cəlbi, gənclərin və qadınların məşğulluğu kimi fəaliyyətlər nəticəsində kənd ərazilərinin inkişafının davamlılığının təmin edilməsi istiqamətlərində kənd təsərrüfatı sahəsinə müsbət töhfələr verilmişdir.

 

Kənd Təsərrüfatı Nazirliyi və Beynəlxalq təşkilatların birgə əməkdaşlığı çərçivəsində aşağdakı prioritet sahələr üzrə layihələr həyata keçirilmişdir:

 

•           Aqrar sahədə informasiya-məsləhət xidmətinin gücləndirilməsi

•           Aqrar sahədə gənclərin məşğulluğunun artırılması

•           Heyvandarlığın inkişafı

•           Bitkiçiliyin inkişafı

•           Zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasına dəstək

•           Kənd təsərrüfatına investisiyaların təşviqi

 

2015-ci il 30 sentyabr tarixli 1314-IVQ nömrəli Qanunla “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” və 2015-ci il 30 sentyabr tarixli 1315-IVQ nömrəli Qanunla “ARH ilə FAO arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” (FATP) Sazişlər təsdiq edilmişdir.

Proqram çərçivəsində hazıda 7 layihə icra edilir və 2 layihənin (“Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” və “Aqrar Xidmət Agentliyində aqrokimyəvi laboratoriya və sertifikatlaşdırma xidmətlərinin təkmilləşdirilməsi”) icrası nəzərdə tutulur.

İcra olunan layihələrin adları:

“Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”;

“Azərbaycanda dayanıqlı qoyunçuluğun və müvafiq dəyər zəncirinin inkişafi”;

“Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu milli sisteminin yaradılması”;

“FAO-Azərbaycan tərəfdaşlıqproqramı üçün təbliğat fəaliyyətləri və layihəyə hazırlıq";

“Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması";

“Aqrar məşğulluğunun artırılması” (AMAL Faza 1);

“Azərbaycanda fındıq sektorunun səmərəliliyinin və dayanıqlılığının təmin edilməsi - HAZER".

 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FTPP çərçivəsində həyata keçirilən “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərlə düzgün mübarizə aparmaq üçün potensialı gücləndirir.

 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FTPP çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan “Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi” və “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihələri Nazirlər kabinetinin 2021-ci ilin 11 fevral tarixli sərəncamına əsasən təsdiq edilmişdir.

 

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən (BMTİP) Qlobal Ekologiya Fondunun (GEF) maliyyə dəstəyi ilə “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi Azərbaycanda mövcud olan aqro-bioloji müxtəlifliyin mühafizəsi, saxlanılması, seleksiyada istifadəsi, hədəf rayonlarda (Şəki, Göyçay, Goranboy) yerli sortların becərilməsinə və satışına dəstəyin göstərilməsi, o cümlədən torpaq erroziyasının və deqredasiyasının qarşısının alınması, aqrobiomüxtəliflik sahəsində tədqiqatçıların, fermerlərin bilik və bacarığının artırılmasını həyata keçirir.

“Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi” əsasında həyata keçirilən “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması” layihəsi kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyini və səmərəliliyini artırmaq üçün dəstək verərək hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə kömək edir.

“Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Regional Əlaqəli İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi” çərçivəsində FAO tərəfindən icra edilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Azərbaycanın şimal-qərb regionunda icma-əsaslı kənd təsərrüfatı konsultasiya xidmətlərinin dəstəklədiyi inklüziv və səmərəli kənd təsərrüfatı və ərzaq sistemləri üçün biznes mühitinin gücləndirilməsini həyata keçirir.

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi çərçivəsində həyata keçirilən “Kənd yerlərində biznes informasiya sisteminin inkişafına dəstək” layihəsi fermaların kənd təsərrüfatı fəaliyyətinin təkmilləşdirilməsi, bölgələrdə biznesin effektivliyini, rəqabətliliyi, iş yerlərinin yaradılması və kənd yerlərində inklüziv artımı gücləndirmək məqsədilə yerli hakimiyyət qurumlarını hər kəsin əldə edə biləcəyi, yeni, etibarlı və müvafiq bazar məlumatları, statistik məlumatlar, kənd təsərrüfatı və regionlardakı həyata aid digər məlumatların təqdim edilməsi işinə dəstək verir.

Amerika Birləşmiş Ştatları Təbii Fəlakət Qurbanlarına Yardım İdarəsinin maliyyə dəstəyi ilə FAO-nun icra etdiyi “Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakəti riskinin azaldılması” layihəsi çəyirtkələrin yaratdığı təhlükənin proqnozlaşdırılması, qarşısının alınması və məhdudlaşdırılması, yəni çəyirtkə böhranlarının rastgəlmə tezliyinin və intensivliyinin baş verdiyi təqdirdə əkin sahələrinə, təbii otlaqlara, insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin azaldılması yolu ilə QMA kənd əhalisinin ərzaq təhlükəsizliyi və rifahının yüksəldilməsini təmin edir.

Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi əsasında Avropa İttifaqının maliyyə dəstəyi ilə FAO tərəfindən icra olunan “Aqrar məsləhət xidmətlərinin (AMX) gücləndirilməsi” layihəsi kənd təsərrüfatı sektorunda mövcud və gələcək problemlərə daha yaxşı cavab verən və nəticədə kənd həyatını yaxşılaşdıra biləcək dayanıqlı aqrar məsləhət xidməti üçün strategiya və effektiv əməkdaşlıq tətbiqetmə çərçivəsinin işlənib hazırlanmasında hökumətin səylərini dəstəkləyir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) həyata keçirdiyi “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” layihəsi kənd əhalisinin enerji təhlükəsizliyinə xüsusi diqqət yetirməklə, Cənubi Qafqazda mövcud olan torpaqların istifadəsi sistemlərində təbii resursların davamlı və biomüxtəliflik-yönümlü istifadəsi üçün ilkin şərtlərin yaxşılaşdırılmasını təmin edir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA/YBƏA) “Kiçik Qrant Layihələri” proqramında qrant dəyəri 2800 ABŞ dolları olan “İsmayıllı rayonunun gənc fermerləri üçün avadanlıqların satınalınması” layihəsi çərçivəsində avadanlıqlar əldə edilmişdir. Bununla bağlı İsmayıllı rayonunun İvanovka kəndindən olan gənc fermer, AMAL benefisiarı, qrup rəhbəri Rahib Ağayev və həmin qrupun digər 4 nəfər üzvünə JİCA tərəfindən dəstəklənən layihə çərçivəsində satın alınmış avadanlıqlar təhvil verilmişdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə birlikdə keçirilməsi planlaşdırılan “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsi çərçivəsində  xarici ekspertlər tərəfindən 2021-ci ilin 22-23 fevral tarixlərində “Pambıq istehsalı ilə bağlı iqlimə uyğun ağıllı kənd təsərrüfatı təcrübələri və 15N texnologiyasının əhəmiyyəti” mövzusunda virtual təlim keçirilmişdir.

 

Sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər və həmin kreditlərə təminat verilməsi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”na əsasən Agentlik tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin, habelə kənd təsərrüfatı istehsal vəsaitlərinin güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi üzrə fəaliyyət davam etdirilmişdir.

2020-ci ildə Agentliyin vəsaitindən istifadə üzrə müvəkkil kredit təşkilatları vasitəsilə aqrar sahədə çalışan 4034 hüquqi və fiziki şəxsə 47653,0 min manat məbləğində güzəştli kreditlər verilmiş, o cümlədən 3.418 hüquqi və fiziki şəxsə 34426,0 min manat məbləğində təminatlı mikrokreditlər ayrılmışdır. Kreditlər əsasən heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatlarının inkişafı sahələrinə yönəldilmişdir.

Eyni zamanda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə 2.993 sayda müraciətə 37311,2 min manat kredit və 73616,9 min manat güzəşt məbləği ayrılmışdır. Ayrılmış vəsait hesabına 7.259 sayda texnikanın alışı maliyyələşdirilmişdir. Həmin texnikaların 39 ədədi kombayn, 1.102 ədədi traktor, 159 ədədi suvarma sistemləri, 5.959 ədədi isə asılan, qoşulan və digər  kənd təsərrüfatı texnikasından ibarətdir.

Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi məqsədilə 423 müraciətə 136,4 min manat kredit və 16644,4 min manat güzəşt məbləği ayrılmışdır. Ayrılmış vəsait hesabına 8.758 baş damazlıq heyvanın alışı maliyyələşdirilmişdir. Həmin heyvanların 5.052-si iribuynuzlu, 3.684-ü xırdabuynuzlu və 22-si isə dəvəkimilərdir.

 

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, habelə bu sahədə fəaliyyətin təşkili və əlaqələndirilməsi

2020-ci il ərzində 2019-cu ilin payızında və 2020-ci ilin yazında aparılan əkinlərə,  2020-ci ildə istehsal edib tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, 2020-ci ildə süni mayalanma yolu ilə alınmış hər buzova, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri  yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına, saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 277840,2 min manat məbləğində subsidiya verilmişdir.

Belə ki, 2020-ci ildə ölkə üzrə 409.141 istehsalçıya becərdikləri əkinlərə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 232935,93 min manat məbləğində əkin subsidiyası verilmişdir. 23 rayon üzrə 16.683 pambıq istehsalçısına pambıq emalı ilə məşğul olan şəxslərə təhvil verdikləri 283,62 min ton xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 28361,54 min manat məbləğində subsidiya verilmişdir. 12 rayon üzrə 453 tütün istehsalçısına 2,44 min ton quru tütünə, 21,29 min ton yaş tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 228,6 min manat məbləğində subsidiya ödənilmişdir. 17 rayon üzrə 169 şəkər çuğunduru  istehsalçısına 187,38 min ton şəkər çuğunduruna görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 749,5 min manat məbləğində subsidiya verilmişdir. 

Bundan başqa 4.955 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 431,58 ton yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2157,91 min manat məbləğində subsidiya verilmişdir.

Habelə 44.433 heyvan sahibinə süni mayalanma yolu ilə alınmış 83.895 baş buzova görə dövlət büdcəsinin vəsaiti hesabına 8389,5 min manat məbləğində heyvan subsidiyası, 22.287 nəfər arıçıya 501.718 arı ailəsinə görə 5017,18 min manat məbləğində subsidiya ödənilmişdir.

Pambıq, şəkər çuğunduru, tütün məhsulları və eləcə də süni mayalanma üzrə ödənişlərin aparılması 2021-ci ilin yanvar ayı ərzində davam edəcəkdir.

İnsan resurslarının idarə edilməsi və təlim

 

Agentliyin kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsahibələrin nəticələrinə görə 8 nəfər Agentliyə işə qəbul olunmuşdur. Bəzi sahələrdə operativliyin təmin olunması və çatışmazlıqların aradan qaldırılması məqsədilə 53 nəfər müvafiq xidməti müqavilələr əsasında işə cəlb edilmişdir. 

Rotasiya qaydasında 5 nəfər əməkdaş yuxarı vəzifələrə təyin olunmuşdur.

Agentliyin sağlam mənəviyyatlı və peşəkar kadrlarla komplektləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövrü ərzində fəaliyyətdə yol verilən çatışmazlıqlara görə Agentliyin 3 əməkdaşına, habelə Agentlik tərəfindan icra olunan layihələr üzrə fəaliyyət göstərən 10 şəxsə yazılı xəbərdarlıq verilmiş, 7 əmək müqaviləsi xitam olunmuş, həvəsləndirici tədbirlər ilə bağlı qanunvericiliyə uyğun olaraq 2 nəfərə fərdi qaydada mükafat verilmiş, eyni zamanda 12 kollektiv mükafatlandırılma həyata keçirilmişdir.

Hesabat dövründə Agentlikdə fəaliyyət göstərən əməkdaşlar üçün idarəetmə sisteminin İSO 9001:2015 və ISO 14001:2015 beynəlxalq idarəetmə standartına uyğunlaşdırılması, müraciətçilərlə iş zamanı etik davranış qaydaları, ünsiyyət qurma və izah etmə bacarıqları, fəaliyyət zamanı dövlət qulluğunda protokol qaydalarının rolu və xüsusiyyətləri, kənd təsərrüfatı kreditləri üzrə müraciətlərə baxılması və təhlili prosesi üzrə biliklərin artırılması, kargüzarlığın operativ təşkilinə dair bacarıqların təkmilləşdirilməsi, subsidiyalarla əlaqədar təkrar monitorinqlərin keçirilməsi ilə bağlı tədbirlər, fermerlərə kredit və mikrokredit məhsullarının ayrılması sahəsində vətəndaşların maarifləndirilməsi və maliyyə savadlılığının artırılması və s. mövzularda 15 təlim (treninq) keçirilmişdir ki, bu təlimlərdə ümumilikdə 230 nəfərə yaxın əməkdaş iştirak etmişdir.

2020-ci il ərzində də Agentlikdə könüllü fəaliyyəti diqqət mərkəzində saxlanılmış, 11 könüllü fəaliyyət göstərmişdir. Kənd Təsərrüfatı Nazirliyi üzrə 21 könüllü, o cümlədən Agentlikdə fəaliyyət göstərmiş 8 könüllü, habelə “ASAN xidmət” mərkəzlərində çalışmış 2 könüllü işlə təmin olunaraq müvafiq xidməti müqavilələr əsasında Agentliyin fəaliyyətinə cəlb edilmişdir.

 

Hüquqi təminat

2020-ci il ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadəyə dair və digər məsələlər ilə bağlı hazırlanmış 92 müqaviləyə müvafiq qaydada baxılmış və aidiyyəti üzrə rəylər verilmişdir.

Agentliyin fəaliyyəti, o cümlədən müvəkkil kredit təşkilatlarının Agentliyin vəsaitindən istifadəsi ilə əlaqədar məhkəmələrdə hüquqlarının müdafiəsinə dair iddia ərizələri tərtib edilmiş, 10-dan çox məhkəmə prosesində və istintaq orqanlarında iştirak edilmiş, məhkəmələrdə və istintaq orqanlarında Agentliyin təmsil olunması ilə bağlı müvafiq sənədlər hazırlanmışdır.

"Aqrolizinq Açıq Səhmdər Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanı”nın 3.3-cü bəndinin icrası ilə bağlı hazırlanmış fərman, sərəncam və qərar layihələrinə dair rəy hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi və həmin layihənin qəbul edilməsi ilə bağlı hazırlanmış əlavə qanun layihəsinə dair rəy hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2020-ci il 12 may tarixli 197s nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsi, layihənin əsaslandırılması və hüquqi ekspertiza rəyi hazırlanaraq aidiyyəti üzrə baxılması üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.

 

Maliyyə və uçot məsələləri

Müvafiq dövlət orqanlarına hesabatlar təqdim olunmuşdur. Makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsi, gələn il və növbəti üç il üçün büdcə və büdcədənkənar xərclərin, həmçinin büdcədənkənar gəlirlərin proqnozunun hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunmuşdur.

Agentliyin büdcə və büdcədənkənar vəsaitinə olan tələbatı hazırlanmış, dövlət büdcəsindən maliyyələşən xərclər smetası müəyyənləşdirilmiş, habelə təsdiq olunmuş illik maliyyə planına uyğun xərc cədvəllərinin və vəsaitlərin ayrılması üzrə sifarişlər aidiyyəti üzrə təqdim edilmiş, mövcud müqavilələrə əsasən malların (işlərin və xidmətlərin), işçilərin məvaciblərinin, həmçinin Agentliyin Dövlət dəstəyi və Kredit şöbələrindən subsidiya və kreditlərlə bağlı daxil olan sifarişlərin ödənişinin həyata keçirilməsi, struktur bölmələrinin normal fəaliyyəti üçün onların maddi-texniki və dəftərxana ləvazimatları, iş prosesində lazım olan mal-materiallarla və digər zəruri vasitələrlə təminatı həyata keçirilmişdir. Əsas vəsaitlərin uçota alınması, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında uçotdan çıxarılması, maddi-məsul şəxslərin təyini, həmçinin ilin sonunda maddi qiymətlilər üzrə inventarizasiyanın aparılması, satınalma planının təsdiqlənməsi, satınalma planına uyğun satınalmaların həyata keçirilməsi və növbəti il üçün ilkin satınalma planı təsdiqlənmişdir. Agentlik tərəfindən ayrılmış kredit və subsidiyaların monitorinqi üçün illik monitorinq planı hazırlanmış və vəsaitlərin təyinatı üzrə istifadə olunmasının mütəmadi monitorinqi həyata keçirilmişdir.