BİRDƏFƏLİK ƏKİN - TEZ-TEZ VERİLƏN SUALLAR

Birdəfəlik əkin subsidiyası nədir?

2021-ci il ərzində salınan və ya salınacaq intensiv portağal, naringi, limon, zeytun, nar bağlarına görə əkin subsidiyasına əlavə olaraq bir dəfəyə məxsus yeni bağın salınma xərclərini qismən kompensasiya üçün verilən əkin subsidiyasıdır. 

Birdəfəlik əkin aparan və ya aparacaq şəxs nə vaxt, necə və hara müraciət etməlidir?

2021-ci il 1 fevral – 31 may tarixləri arasında yeni bağ salan və ya il ərzində salmağı planlayan şəxs bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az fermer kabinetindən bilavasitə özü həyata keçirə bilər və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə bəyanı sistemə daxil edilər.

Bu müddət ərzində əkin aparmamış amma əkin planlaşdıran şəxslər birdəfəlik əkin subsidiyası üçün müraciət edə bilərmi?

Bəli, 2021-ci ilin payız ayları ərzində bu bağların salınmasını planlaşdıran şəxslər bu müddət (1 fevral-31 may) ərzində müraciət etməli və əkinlərini payızda aparacaqlarını xüsusilə qeyd etməlidirlər. Həmin şəxslərin ərazilərində yerində monitorinq tinglər əkildikdən sonra aparılacaq.

Birdəfəlik əkin subsidiyası hansı bitkilərə şamil olunur?

Limon, portağal, naringi – bütün ölkədə

Nar, zeytun – deqradasiyaya uğramış ərazilərdə

Nar, zeytun – bonitet balı 20 altında olan torpaqlarda (0 bal istisna olmaqla)

Fındıq – Meşə Fondu boş torpaqlarında

Fındıq – dağlıq və dağətəyi ərazilərdə (200-1500 metr hündürlükdə yerləşən ərazilər) 

Birdəfəlik əkin sudsidiyasının məbləği nə qədərdir?

Limon – 11000 manat/ha

Portağal, naringi – 9000 manat/ha

Nar – 5000 manat/ha

Zeytun – 4900 manat/ha

Fındıq – 4400 manat/ha

Həmin bitkilərə verilən digər əkin subsidiyasının məbləği nə qədərdir?

700 manat/ha – bağın salındığı ilk 4 il ərzində, 240 manat/ha 4 ildən sonrakı illər

Birdəfəlik əkin subsidiyasına müraciət edən şəxs mütləq digər əkin subsidiyasını almış olmalıdır?

Nəzəri olaraq xeyr digər əkin subsidiyası ala bilməmiş şəxslər də birdəfəlik əkin subsidiyasına müraciət edə bilər. Amma nəzərə almaq lazımdır ki, əkin bəyanının EKTİS-ə daxil edilmiş olması şərti hər iki subsidiya məbləği üçün eynidir. Sadəcə fermer birdəfəlik əkin subsidiyası şərtlərinə sahibdirsə ona 2 subsidiya müraciəti formalaşacaq və bu barədə ona elektron kabineti vasitəsilə məlumat veriləcək.

Birdəfəlik əkin subsidiyasının fərqli şərtləri nələrdir?

Limon, portağal, naringi bağları üçün fərqli şərt müəyyən edilməmişdir. Fermer adına olan istifadə hüququna dair torpaq sənədi (DAİM-ə gəldikdə əlavə olaraq şəxsiyyət vəsiqəsi) ilə müraciət edir. Bağın intensiv olması yəni damcı suvarma sistemi ilə təchiz edilmiş, 1 hektara azı 650 ədəd ting əkilmiş olmalıdır.

Nar, zeytun bağı intensiv olmalı, yəni damcı suvarma sistemi ilə təchiz edilmiş və 1 hektara azı 450 ədəd ting (nar), 330 ədəd ting (zeytun) əkilmiş olmalıdır. Aşağıdakı qeyd edilən bir-birindən müstəqil iki halda birdəfəlik əkin subsidiyası verilir:

1. Nar, zeytun bağı bonitet balı 0-dan çox amma 20-dən aşağı kənd təsərrüfatı kateqoriyalı torpaqlarda salındıqda. Təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) “və sair”, “digər” yaxud uqodiyası göstərilməyən sənədlər qəbul ediləcək.

2. Nar, zeytun bağı şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan kənd təsərrüfatı kateqoriyalı torpaqlarında (bonitet balından asılı olmayaraq) əkildikdə. Təqdim edilən istifadə hüququna dair torpaq sənədində qeyd edilən məlumatlar mövcud deyilsə bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış arayış müvafiq sənədə əlavə edilərək təqdim edilməlidir.

Fındıq bağı intensiv olmalı, yəni damcı suvarma sistemi ilə təchiz edilmiş və 1 hektara azı 330 ədəd ting əkilmiş olmalıdır. Aşağıdakı qeyd edilən bir-birindən müstəqil iki halda birdəfəlik əkin subsidiyası verilir:

1. Meşə fondunun boş olan torpaqlarında salınacaq fındıq bağlarına - buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası meşə fondu olan müraciətlər qeydiyyata alınacaq.

2. Dağlıq/dağətəyi zonalarda salınacaq fındıq bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) əkin, çoxillik əkmə və ya dinc olan müraciətlər qeydiyyata alınacaq. Torpaq dəniz səviyyəsindən 200-1500 m hündürlükdə yerləşməlidir. 

İntensiv olmayan bağlara birdəfəlik əkin subsidiyası verilirmi?

Xeyr. Bu bağlara sadəcə 240 manat/ha əkin subsidiyası verilir.

Mövcud bağ ağac sayı artırılmaqla intensiv hala gətirilmişsə birdəfəlik əkin subsidiyasına müraciət edilə bilərmi?

Xeyr. Birdəfəlik əkin subsidiyası 2021-ci ildə salınmış yeni bağlara verilir. Lakin belə bağlar ənənəvi bağdan intensivə çevrildiyi üçün əkin subsidiya məbləği artacaq. 

Müraciət müddəti ötürülsə nə olacaq?

Bağın salınmış olmasından asılı olmayaraq 1 fevral-31 may arasında müraciət edilməzsə birdəfəlik əkin subsidiyası verilməyəcək.

Birdəfəlik əkinlər yerində monitorinq ediləcəkmi?

Bəli. Bunun üçün fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS vasitəsilə və tinglər yerdə olduqda yerində monitorinq aparılacaq. Ərazi koordinatlarını bilavasitə sistemə daxil edə bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.

Birdəfəlik əkin subsidiya ödənişləri nə vaxt aparılacaq?

Müraciətlər toplandıqdan və monitorinqlər aparıldıqdan sonra ödənişlər həyata keçiriləcək. Əkinlərini 2021-ci ilin ilk aylarında aparan şəxslərin tinglər yerində monitorinq edildikdən sonra yay ayları ərzində, əkinlərini 2021-ci ilin payız aylarında aparacaq şəxslərin tingləri yerində monitorinq edildikdən sonra 2021-ci ilin son ayları ərzində aparılacaq.

Birdəfəlik əkin subsidiyası necə ödəniləcək?

Birdəfəlik əkin subsidiyası fermer kartına köçürüləcəkdir.

Birdəfəlik əkin subsidiyasını nağdlaşdıraraq istifadə edə bilərəmmi?

Birdəfəlik əkin subsidiyası əkin subsidiyası kateqoriyasında olduğu üçün 25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i nağdlaşdırılmadan fermer tərəfindən toxum, gübrə, pestisid satın alınması üçün bilavasitə təchizatçıya ödəniş üçün istifadə olunur.

Subsidiya məbləğini fermer kartımda hansı müddətə saxlaya bilərəm?

Ən çox 2 il. İki il ərzində istifadə edilməyən subsidiya məbləği varsa bu barədə fermerə xəbərdarlıq göndərilir, növbəti 3 ay ərzində istifadə edilməzsə fermerə yeni subsidiya verilmir.

Birdəfəlik əkin subsidiyası növbəti il də veriləcəkmi?

Birdəfəlik əkin subsidiyası bağın salınma ilində verilən bir dəfəyə məxsus əkin subsidiyasıdır. Növbəti il verilərsə artıq növbəti il salınacaq bağlara şamil olunacaq. Bu barədə Aqrar Subsidiya Şurasının qərarlarını izləmək lazımdır. Növbəti illərdə fərqli bitkilər üçün fərqli məbləğlərdə müəyyən edilə bilər və ya verilməyə bilər.