BDU-da “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ilə bağlı vorkşop keçirilib
2025-04-17
Bakı Dövlət Universitetində (BDU) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində ilk vorkşop keçirilib.
Layihənin məqsədi kənd təsərrüfatı sahəsində süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, innovativ yanaşmalar vasitəsilə aqrar sahədə məhsuldarlığı və idarəetməni optimallaşdırmaqdır. Bu təşəbbüs, həmçinin ali təhsil müəssisələri ilə aqrar sektorda fəaliyyət göstərən özəl təsərrüfatlar arasında əməkdaşlıq platformasının formalaşdırılmasını da hədəfləyir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının, aqrar sahədə fəaliyyət göstərən iri aqroparkların rəhbər və mütəxəssisləri, gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərən innovasiya, o cümlədən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin BDU-da keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, diqqətə çatdırıb ki, torpağın, suyun, təbiətin qorunaraq, ağıllı üsullarla idarə olunması günün əsas tələblərindəndir. “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi də bu çağırışlara cavab verməyi hədəfləyir.
Rektor bildirib ki, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ölkənin innovativ gələcəyini formalaşdırmaq üçün mühüm addımdır. Bu təşəbbüs ölkəmizdə aqrar sektorun intellektual əsaslarla inkişafına, ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın dərinləşməsinə və gənclərin potensialının reallaşmasına xidmət edəcək, ağıllı kənd təsərrüfatına gedən yolda mühüm mərhələ olacaq.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, bu layihə çərçivəsində elmi biliklərin praktik sahəyə inteqrasiyası, kənd təsərrüfatında rəqəmsallaşmanın sürətləndirilməsi və gənclərin bu istiqamətdə təşviqi əsas prioritetlər sırasındadır. O, bildirib ki, layihənin növbəti mərhələsində süni intellektin tətbiqi sahəsində əldə edilən nəzəri və praktiki bilgilər əsasında Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil olunacaq. “Bootcamp”ın əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərdə aqrar inkişafı dəstəkləyən texnoloji həllərin tətbiqi və bu sahədə fəaliyyət göstərən tərəflər arasında təcrübə mübadiləsini təşviq etməkdir. Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandaların təklif etdikləri ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.
ASAN İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov belə layihələrin süni intellektin iqtisadiyyata effektiv tətbiq olunmasına təkan verəcəyini qeyd edib. O, bildirib ki, ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun süni intellekt sahəsində böyük potensialı var. Özəl sektor bu potensialdan geniş istifadə edə bilər.
Tədbirdə çıxış edən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Aqrar Kredit və İnkişaf Agentliyinin mətbuat katibi Ruslan Zeynalov, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, “SHABRAN-D” MMC-nin direktoru Şöhrət Məmmədov, “Agro Systems” MMC-nin direktoru Köçəri Həsənov, “Grow Group Azerbaijan” MMC-nin baş aqronomu Emin Kara kənd təsərrüfatında avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqinə dair fikirlərini bölüşüb, həmçinin təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə bağlı məlumat veriblər.
