Qəhvəyi mərmər bağacığına qarşı mübarizənin səmərəli təşkili üçün “Qaynar xətt” fəaliyyətə başlayıb
2023-01-19
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyətə başlayıb.
Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal qərb rayonları üzrə)
088-588 (Aqrar Xidmətlər Agentliyi)
Qeyd edək ki, bölgələrdə Qəhvəyi Mərmər Bağacığı ilə bağlı müşahidələr davam etdirilir. Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki regional idarəsinin əməkdaşları Balakən, Zaqatala, Qax, Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri həyata keçirib, yerli sakinlər maarifləndirilib, zərərverici haqqında məlumatları özündə əks etdirən bukletlər paylayıblar.
Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq rəngli və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki, bağacığın adı buradan qəbul edilib.
Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Bir evdə bir neçə min bağacıq yığıla bilər. İnsanlar üçün heç bir zərərliliyi yoxdur, toxunduqda xoşagəlməz qoxu ifraz edir. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk edərək 1–2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurta qoyma yerinə yetirirlər. Yumurtalarını (1,3-1,6 mm ölçüdə), yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar.
Mərmər bağacığına qarşı kimyəvi mübarizədə təsiredici maddəsi sintetik piretroitlərə aid Alpha cypermethrin, Lambda-cyhalothrin, Bifenthrin və Neonikotinoidlərə aid İmidacloprid, Thiacloprid, Thiamethoxam olan insektisidlərin istifadə olunması yüksək bioloji səmərəni təmin edir.
Evlərdə, tikililərdə müşahidə edilən qəhvəyi mərmər bağacıqları mexaniki yolla (əllə və digər vasitələrlə) yığılaraq məhv edilir.
Regional Əlqələndirmə Mərkəzi vətəndaşlara yaşayış yerlərində, əkin sahələrində və digər yerlərdə zərərvericiyə rast gəldikdə qeyd olunan “Qaynar xətt” nömrələrinə zəng etmək tövsiyə olunur.