-
Elektron İnzibati prosedurlar :
-
Addım 1. "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçib fermer statusunun alınması. Heyvandarlıq təsərrüfatına malik olan istənilən fiziki və ya hüquqi şəxs təsərrüfatı barədə məlumatları "Elektron kənd təsərrüfatı" informasiya sisteminə (EKTİS) daxil edərək qeydiyyatdan keçir və fermer statusu alır. Fermer EKTİS-də birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi, (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında), mobil telefonu ilə gələrək “ASAN Digital Login” vasitəsilə qeydiyyatdan keçə bilər.
-
Addım 2. EKTİS-də qeydiyyatdan keçib süni mayalanma mütəxəssisi (SMM) statusunun alınması. SMM kimi fəaliyyət göstərmək istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində təlim keçdikdən sonra müvafiq iltizam imzalamaqla EKTİS-də qeydiyyatdan keçərək SMM statusunu əldə edir. Bu Reqlamentə uyğun öhdəliklərini yerinə yetirməyən və Respublika Süni Mayalanma Mərkəzində dövri təlimlərdən keçməyən SMM-in EKTİS-də fəaliyyəti dondurulur.
-
Addım 3. Heyvanın süni mayalandırılması. Fermer heyvanı süni mayalandırmaq məqsədilə EKTİS-də qeydiyyata alınan SMM-i və mayalandırmaq istədiyi tarixi seçərək müraciət edir. Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinə (DAİM) və ya “Çağrı” mərkəzinə (1652) müraciət etməklə əldə edə bilər. Müraciət SMM tərəfindən təsdiq olunduqdan sonra fermer tərəfindən ünvanın, gəliş vaxtının, habelə digər şərtlərin dəqiqləşdirilməsi məqsədilə SMM ilə əlaqə saxlanılır. SMM fermer ilə qarşılıqlı razılaşma əsasında ödənişli qaydada heyvanı süni mayalandırdıqdan sonra identikləşdirir və bununla bağlı məlumatları süni mayalanmanın aparıldığı tarixdən 30 gün müddətində EKTİS-ə daxil edir.
-
Addım 4. Süni mayalanma nəticəsində doğulan buzov və balaq (camış balası) barədə məlumatların EKTİS-ə daxil edilməsi Fermer süni mayalanma nəticəsində doğulan buzov və balaq (camış balası) (inəklərdə mayalanmadan təqribən 300 gün, camışlarda mayalanmadan təqribən 325 gün sonra ) barədə həmin gün ərzində SMM-ə məlumat verir. Buzov və balaq (camış balası) doğulduqdan 10 gün sonra 15 gün müddətində SMM tərəfindən həmin buzovun və balağın (camış balasının) identikləşdirilməsi həyata keçirilir, buzov və balaq (camış balası) ilə bağlı məlumatlar, eləcə də buzovun və balağın (camış balasının) şəkli EKTİS-ə daxil edilir və bu barədə bildiriş EKTİS vasitəsilə HSBXM-in müvafiq rayon (şəhər) idarəsinə göndərilir.
-
Addım 5. Yeni doğulmuş buzovun və balağın (camış balasının) sağlamlığının yoxlanılması. Yeni doğulmuş buzovun və balağın (camış balasının) sağlamlığının yoxlanmasını həyata keçirəcək HSBXM-in müvafiq rayon (şəhər) idarəsinin baytar həkimləri və ya HSBXM tərəfindən müəyyən edilən özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və ya fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər müvafiq iltizam imzalayaraq (SMM tərəfindən müvafiq məlumatlar EKTİS-ə daxil edildikdən sonra) 5 gün müddətində buzovun və balağın (camış balasının) sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTİS-ə daxil edir. Baytarlıq subyekti sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə, 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun və balağın sağlamlığının yenidən yoxlanılmasını təmin etməli və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir. Buzovun və balağın sağlamlığının yoxlanılması EKTİS-ə daxil edilən məlumatların və görüntülərin üzləşdirilməsi, yerində baxış, yerində baxış mümkün olmadıqda buzov və ya balaq sahibi ilə görüntülü telefon əlaqəsi saxlanılmaqla həyata keçirilir.
-
Addım 6. Subsidiyanın hesablanması. EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Fermer şəxsi kabinetində əks olunan elektron bəyannamədəki məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Hər bir sağlam buzova görə 100 manat məbləğində subsidiya hesablanır.
-
Addım 7. Monitorinqin aparılması və müraciətin təsdiq edilməsi. Fermerin müraciətini təsdiq etməsindən sonra DAİM tərəfindən 10 gün müddətində məlumatlar sistem üzərindən təhlil edilərək düzgünlüyü yoxlanılır və müraciət təsdiqlənir. Baytarlıq subyektinin məlumatından şikayət edilərsə və DAİM tərəfindən əlavə mütəxəssis cəlb edilməklə heyvanın sağlam olduğu müəyyən edilərsə, DAİM yerində müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir.
-
Addım 8. Subsidiyanın ödənilməsi. Heyvan subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “müraciət təsdiqlənib” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “müraciət təsdiqlənib” statusunda olan müraciətlər üzrə heyvan subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə fermerlərə bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir. Fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. Ödənilən vəsait ilk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir. Fermer Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.