16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində panel sessiyalar keçirilir
2023-05-17
İlk panel sessiya “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti” mövzusuna həsr olunub
Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2023) sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri keçirilib.
“Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti” mövzusuna həsr olunmuş ilk panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib.
Nazir bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdəndir: “Ölkədə aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən sistemli dəstək tədbirləri davam etdirilir. Kənd təsərrüfatının inkişafında yeni ixtiralar, innovativ yeniliklər mühüm rol oynayır. Ölkəmizdə aqrar sahədə müasir texnika və texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasında əhəmiyyətli rola malikdir. İqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Bu gün dünyada mövcud olan təcrübələrin mübadiləsi, o cümlədən aqrar texnologiya transferi son dərəcə vacibdir”. Nazir qeyd edib ki, kənd təsərrüfatına həsr olunmuş sərgilər yeni texnologiyalarla tanışlığa və praktikada tətbiqə imkan verir.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Məşvərət Şurasının sədri Abdolbari Gozal, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi istiqamətində görülən tədbirlərə toxunublar.
Panel sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, innovativ həllərin tətbiqi ilə məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha səmərəli istifadə olunması istiqamətində müzakirələr aparılıb.
Daha sonra sərgi çərçivəsində “Kənd təsərrüfatında sudan səmərəli və davamlı istifadə üçün innovativ həllər”, “Orqanik kənd təsərrüfatı: trendlər və inkişaf perspektivləri. Orqanik Naxçıvan brendinin təqdimatı”, “Bitkiçilikdə məhsuldarlığı şərtləndirən aqrotexniki həllər və innovativ yanaşmalar” mövzularında panel sessiyalar keçirilib.
Sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşülüb.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.