AGRO NEWS

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində fermerlərə aqroturizm üzrə təlimlər keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərin maarifləndirilməsi tədbirləri davam edir.  
Layihənin növbəti təlimləri Qax və Zaqatala rayonlarında aqroturizm üzrə fəaliyyət göstərən fermerlər üçün təşkil olunub. “Aqroturizmin əsasları” adlı təlimdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından ümumilikdə 30-dan çox fermer iştirak edib. Təlim iştirakçıları aqroturizmin əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icrası, təhlil və strategiya metodları, biznes planın hazırlanması, marketinq alətlərindən effektiv istifadə və digər mövzular üzrə məlumatlandırılıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, fermerlərin bu sahədə bilik və bacarıqlarının, eləcə də regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, şəhər sakinləri və xarici turistlər üçün isə fərqli turizm imkanlarının yaradılması istiqamətində həyata keçirilir.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 169 fermer təsərrüfatından 122-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.