Planting subsidy

1. Xidmətin adı
Əkin subsidiyasının verilməsi.
2. Xidmətin məzmunu
Fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə subsidiyanın verilməsi.
3. Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – AKİA), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan
sonra – DAİM).
4. Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – AXA), Aqrar Sığorta Fondu, “ASAN xidmət” mərkəzləri, KOB evləri.
5. Xidmətin hüquqi əsası
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.3-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın (bundan sonra – Qayda) 1.2.9-cu yarımbəndi və 3-cü hissəsi.
6. Xidmətin həyata keçirilmə formaları
·         Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
·         Elektron kabinet vasitəsilə məlumatlandırma;
·         SMS vasitəsilə məlumatlandırma.
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
Subsidiyanın verilməsi.
9. Xidmət istifadəçisi barədə məlumat 
Fiziki və hüquqi şəxslər (fermer).
Qeyd: Fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və “ASAN Login” vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçən şəxsdir.
10. Xidmətin həyata keçirilməsi müddəti
Bütün bəyanlar yekunlaşdıqdan və fermerin subsidiyaya müraciət ərizəsindəki məlumatların, təqdim edilən sənədlərin Qayda ilə müəyyən edilən tələblərə uyğunluğu monitorinq nəticəsində təsdiq edildikdən sonra 30 iş günü ərzində.
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti 
Real vaxt rejimində.
12. Xidmətin göstərilmə yeri
EKTİS (elektron kabinet vasitəsilə), DAİM, “ASAN xidmət” mərkəzləri və ya KOB evləri.
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları 
Qaydanın 1.2.9-cu yarımbəndi, 2.10-cu və 3.18-ci bəndləri, 5.2.3-cü və 5.2.4-cü yarımbəndlərinə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
·         fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
·         əkin aparılan torpaq sahələri bu Reqlamentin 16-cı hissəsinin 2-ci addımında əks olunan meyarlara cavab vermədikdə;
·         bəyan edilmiş əkin və çoxillik əkmələrə görə hesablanan subsidiya məbləği monitorinq nəticəsində müəyyənləşdirilmiş subsidiya məbləğindən 20–50 faiz çox olduqda – cari il ərzində;
·         bəyan edilmiş əkin və çoxillik əkmələrə görə hesablanan subsidiya məbləği monitorinq nəticəsində müəyyənləşdirilmiş subsidiya məbləğindən 50 faizdən çox olduqda – cari il və sonrakı il ərzində;
·         tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə və (və ya) həmin sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – ƏMDX) Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda.
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
·         Bəyannamə – Elektron formada;
·         “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən ƏMDX-nin Elektron Xidmətlər Portalı və Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədin əsli – Elektron formada;
·         Əkin subsidiyası hesabına alınan kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumat və satınalınmasına dair sənədlər – Elektron formada;
·         Aqrokimyəvi analizlərin nəticələrinə dair sənədlər – Elektron formada;
·         Sığortalanmalı olan bitkilərə münasibətdə aqrar sığorta müqaviləsinin nömrəsi – Elektron formada;
·         Kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədlər – Elektron formada.
15. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.
16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. EKTİS-də qeydiyyatdan keçib fermer statusunun alınması
İstifadəsində torpaq sahəsi olan və bu torpaq sahəsində kənd təsərrüfatı məhsulu istehsal etmək istəyən istənilən fiziki və ya hüquqi şəxs EKTİS-də qeydiyyatdan keçməklə fermer statusu alır. Fermer EKTİS-də birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi, mobil telefonu ilə gələrək “ASAN Login” vasitəsilə qeydiyyatdan keçə bilər. Torpaqdan istifadə hüququnu təsdiq edən sənədin inteqrasiya ilə əldə edilməsi mümkün olmadıqda, fermerdən aidiyyəti qurumlara müraciət etməklə həmin sənədin inteqrasiyasının təmin edilməsi tələb olunur.
 
Addım 2. Torpaq sahələrinin qeydiyyatı
Fermer torpaq sahələrinə dair aşağıdakı məlumatları və ya daxil edilmiş məlumatlarda dəyişiklik baş verərsə, həmin məlumatları EKTİS-ə daxil edir:
• torpaq sahəsinin yerləşdiyi əraziyə dair məlumatları (rayon (şəhər), kənd (qəsəbə));
• torpaq sənədinin növünü;
• torpaq sənədinin rekvizitlərini (kod, JN, reyestr nömrəsi, qeydiyyat nömrəsi və s.);
• torpaq sənədi dövlət aktı və ya şəhadətnamə olarsa, onda hər bir konturun nömrəsini, onun sahəsi, kateqoriyası və məqsədli təyinatı haqqında məlumatları;
• torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədlərin (torpaq üzərində mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqavilələri (bəyan dövründə bağlanılan), yerli icra hakimiyyəti başçısının nümayəndəsi (yalnız 0-5 ha torpaq sahələri üzrə və ən çox 11 ay müddətinə) və ya notarius tərəfindən təsdiq edilərək elektron notariat sisteminə daxil edilən icarə və istifadə müqavilələri (icarə və ya istifadə müddəti 11 aydan çoxdursa, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə birlikdə (icarə və ya istifadə müddəti 2024-cü il 31 avqust tarixinədək olan müqavilələr istisna olmaqla)), vərəsəlik şəhadətnaməsi (bəyan dövründə əldə edilən), məcburi köçkünlərə verilmiş torpaq sahələri ilə bağlı sənədlər, islahat keçirilməmiş rayonlarda (cəbhə xəttinə yaxın ərazilərdə) torpaq sahələrinin şərti bölgüsü, dövlət aktı olmayan pay torpaqlarının verilməsi üçün əsas olan sənədlər) surətlərini.
Fermer tərəfindən müvafiq rayon üzrə EKTİS-ə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar DAİM tərəfindən təsdiq edilir.
Fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənədlər ƏMDX-nin Elektron Xidmətlər Portalından və ya Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən inteqrasiya yolu ilə əldə edilə bilmədikdə fermerin müraciəti əsasında aidiyyəti qurumlar tərəfindən müvafiq sənədlərin həmin informasiya sistemləri vasitəsilə inteqrasiyası təmin edilməlidir.
Əkin subsidiyasının verilməsi üçün torpaq sahələri aşağıdakı meyarlara cavab verməlidir:
1.     məqsədli təyinatının əkin, çoxillik əkmə və ya dinc olması – xüsusi hallarda Aqrar Subsidiya Şurasının (bundan sonra – Şura) qərarına əsasən məqsədli təyinatı müəyyən edilməmiş və ya “digər” müəyyən edilmiş torpaq sahələrinə görə subsidiya hesablana bilər. Məqsədli təyinatı örüş, otlaq və ya biçənək olan torpaq sahəsində əkin aparılıbsa, həmin sahəyə görə əkin subsidiyası hesablanmır. Belə ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində cərimə nəzərdə tutulmuşdur;
2.     torpaq sahəsinin Şuranın 0-dan fərqli əmsal müəyyən etdiyi regionda yerləşməsi;
3.     torpaq sahəsində salınan intensiv və ya ənənəvi bağlardakı ağac sayının və suvarma sisteminin Şuranın qərarında müəyyən edilmiş şərtlərə uyğun olması.
Qeyd 1: Boş olan meşə fondu torpaqlarında və ya dağ və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarına əkin subsidiyası verilməsi üçün meyar olan dağ və dağətəyi ərazilərə dəniz səviyyəsindən 200-1500 m hündürlükdə olan ərazilər aiddir.
Qeyd 2: Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarına görə əkin subsidiyasının verilməsi üçün meyarlar olan deqradasiyaya uğramış torpaqlara orta şorlaşmış, şiddətli şorlaşmış, çox şiddətli şorlaşmış, şoran, orta şorəkətləşmiş, şiddətli şorəkətləşmiş torpaqlar, bonitet balı aşağı olan torpaqlara isə bonitet balı 1-40 olan torpaqlar aiddir.
Qeyd 3: Əkin subsidiyasının verilməsi üçün fillokseraya davamlı calaqaltı hibrid sortlardan ibarət calaqaltı anaclıq üzüm bağları 1 hektara əkilmiş ən azı 1330 tingə, digər üzüm bağları isə 1 hektara əkilmiş ən azı 1660 tingə və cərgə boyu ən azı 3 sıra məftilin çəkildiyi dayaq sisteminə malik olmalıdır.
Qeyd 4: İntensiv şaftalı, nektarin və ərik bağlarına əkin subsidiyasının verilməsi üçün fermer tərəfindən minimum 3 hektar bağ salınmalı (1 hektara minimum 650 vegetativ calaqaltı ting əkilməli) və ağacların gələcəkdə torpaqdan qaynaqlanan risklərdən (qrunt suyu və s.) qorunması məqsədilə tinglər tirədə (tinglər əkiləcək cərgələrin torpaq səthindən qrunt suyunun səviyyəsi nəzərə alınmaqla torpaq qatı ilə qaldırılması) əkilməlidir. Əkiləcək tinglər “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə tezyetişən kateqoriyasında qeydiyyata alınmış olmalıdır.
Əkiləcək tinglərin virus (alma xlorotik yarpaq ləkəliliyi xəstəliyi (apple chlorotic leafspot virus), alma mozaik virusu (apple mosaic ilarvirus), şarka virus xəstəliyi (plum pox poty virus), gilasda yarpaq qıvrılması virus xəstəliyi (cherry leaf roll nepovirus), nekrotik həlqəvi ləkəlilik xəstəliyi (prunus necrotic ringspot virus), gavalıda cücəlik virus xəstəliyi (prune dwarf ilavirus), ərik latent xəstəliyi (apricot latent virus)), bakteriya (kök xərçəngi (agrobacterium tumefaciens), bakterial yanıqlılıq (xanthomonas arboricola), bakterial budaq xərçəngi və kitrə axma xəstəliyi (pseudomonas syringae pv. syringae və P. s. pv. morsprunorum), Avropa çəyirdəkli meyvə sarı fitoplazması (phytoplasma prunorum)) və göbələklərə (fitoftora kök və kökboğazı çürüməsi (phytophthora spp.), vertisilyum soluxması (verticillium dahliae)) yoluxmamasının müəyyən edilməsi məqsədilə AXA-nın tabeliyində olan laboratoriyanın və ya akkreditasiyadan keçmiş digər laboratoriyanın əməkdaşının iştirakı ilə analizi aparılmalıdır.
 
 
 
 
Addım 3. Torpaq sahələrində əkin və məhsul proqnozlarının, toplanılan məhsul barədə məlumatın bəyan edilməsi
Əkin bəyan dövrlərində əvvəlki təsərrüfat ilində əldə edilən, habelə sonrakı 4 il ərzində bitkilərin əkin sahələri və əldə ediləcək məhsul barədə illik proqnozlar EKTİS-ə daxil edilir. Hər il sonrakı 3 ilin proqnozu dəqiqləşdirilir və 4-cü il üzrə proqnoz əlavə edilir.
 
Addım 4. Aqrokimyəvi analizin aparılması və aqrar sığorta müqaviləsinin bağlanılması
Əkin aparılmamışdan əvvəl torpaqda aşağıdakı göstəricilər üzrə aqrokimyəvi analiz aparılmalıdır:
·         pH-ın (torpaq ekstratında) təyini;
·         duzluluğun təyini;
·         humusun təyini;
·         mütəhərrik fosforun (P2O5) təyini;
·         mənimsənilən kaliumun (K2O) təyini.
Aqrokimyəvi analizin aparılması ilə bağlı “Kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin (tədqiqatının) aparılmasına dair Təlimat”dan (http://axa.gov.az/az/services/78/torpaqlarin-aqrokimyevi-analizlerinin-aparilmasina-dair-telimat) istifadə edilə bilər. Aqrokimyəvi analizlərin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr – avqust) qüvvədə qalır.
Aqrokimyəvi analiz nəticələri sonradan monitorinq nəticəsini göstərən aktlarla birlikdə EKTİS-ə daxil edilir. AXA analiz nəticələrinin EKTİS-ə daxil edilmə vəziyyətini yoxlayır və bu barədə AKİA-ya mütəmadi məlumat verir.
10 hektar və daha çox torpaq sahəsində (sahələrində) Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin əkinini həyata keçirən fermer bəyan dövründə aqrar sığorta müqaviləsi bağlayır və bu barədə məlumatlar aqrar sığorta informasiya sistemi vasitəsilə EKTİS-ə ötürülür.
Qeyd: İntensiv şaftalı, nektarin və ərik bağlarına əkin subsidiyasının verilməsi üçün bağlarda əkin aparılmamışdan əvvəl AXA-nın tabeliyində olan laboratoriyanın və ya akkreditasiyadan keçmiş digər laboratoriyanın əməkdaşının iştirakı ilə 1 hektara minumum 2 nöqtədə (nümunə koordinatları qeyd edilməklə) 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) torpaq nümunələri götürülməli və analizi aparılmalıdır. Analiz nəticələrində elektrik keçiriciliyi göstəricisi 2.0 dS/m-dən az olmalıdır.
 
 
 
Addım 5. Torpaq sahələrində faktiki əkinlərin bəyan edilməsi
Fermer tərəfindən hər il payızlıq əkinlər üzrə sentyabrın 1-dən dekabrın son iş gününədək (payızlıq əkin bəyan dövrü), yazlıq əkinlər üzrə fevralın 1-dən mayın 31-dək (yazlıq əkin bəyan dövrü), təkrar əkinlər üzrə iyunun 1-dən avqustun 31-dək (təkrar əkin bəyan dövrü) faktiki əkdiyi bitkilər, onların əkin sahələri, əvvəlki dövrdə istehsal edilən və əldə edilməsi gözlənilən məhsulun həcmi barədə informasiya bilavasitə elektron qaydada və ya xidmət yerinə gəlməklə EKTİS-ə daxil edilir. Yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il payızlıq və ya yazlıq əkin bəyan dövrlərində yenidən bəyan edilir.
Fermerin torpaq sahəsində (parsellərində) əkini üzrə dəqiqləşdirmə əkin bəyanlarının qrafik vektorlaşdırılması (çəkmə) vasitəsilə aparılır. Fermer istifadəsində olan torpaq sahəsi (kadastr parselləri) üzərində bitki örtüyünə uyğun olaraq, faktiki koordinatlara əsasən xəritə-sxemi vektorlaşdıraraq təsdiq edir. Təsdiq olunmuş sahələrin xəritə-sxemi peyk monitorinqləri üçün əsas hesab edilir.
EKTİS-də bəyan edilən əkin sahələrinə və çoxillik əkmələrə dair məlumatlar fermerin elektron kabinetində əks olunur və “müraciət et” düyməsi sıxılmayıbsa, bəyan dövrünün sonuna qədər dəyişdirilə bilər. Fermer bəyan məlumatlarının doğru daxil edilib-edilmədiyini və torpaq sənədinin statusunu bəyan dövrü ərzində elektron kabinetində izləməli və səhv müəyyən etdikdə (habelə torpaq sənədinin təsdiqlənməməsi səbəblərini öyrənmək üçün) bu barədə DAİM-ə müraciət etməlidir. Torpaq sənədləri EKTİS-də təsdiqləndikdən sonra fermer “müraciət et” düyməsini sıxmaqla subsidiya almaq üçün müraciət edir. Torpaq sənədləri bəyan dövrü bitdikdən sonra təsdiq edildikdə isə müraciət EKTİS tərəfindən avtomatik formalaşdırılır.
Qeyd: Fermer bir torpaq sənədi üzrə il ərzində yalnız ilk bəyan olunan və subsidiya üçün müraciət edilən bitki növü üzrə (Şuranın əkilməsinə görə təkrar əkin subsidiyası müəyyən etdiyi bitki növləri istisna olmaqla) əkin subsidiyası ala bilər. Təkrar əkin subsidiyasına müraciət zamanı həmin sahə üzrə ilk əkilmiş bitki bəyan edilmiş olmalıdır.
 
Addım 6. Subsidiyanın hesablanması
AKİA tərəfindən hər il yanvarın 15-dək regionlar və bitkilər üzrə Şura tərəfindən təsdiqlənən əkin əmsalları EKTİS-ə daxil edilir. EKTİS-də fermerin (istifadəsində olan 50 hektardan çox torpaq sahəsində əkin aparmış və ya çoxillik əkmə salmış kənd təsərrüfatı kooperativləri istisna olmaqla) seçdiyi torpaq sahəsində (parsellərində) əkilən bitki növünə və torpaq sahəsinin yerləşdiyi regiona görə subsidiya aşağıdakı düstur əsasında hesablanır:
Əkin subsidiyasının məbləği = 200 manat (Baza məbləği) ×
region və bitki üzrə əkin əmsalı × əkilən sahənin hektarı
50 hektardan çox torpaq sahəsində əkin aparmış və ya çoxillik əkmə salmış kənd təsərrüfatı kooperativləri üzrə subsidiya aşağıdakı düstur əsasında hesablanır:
Əkin subsidiyasının məbləği = 200 manat (Baza məbləği) × 1.1 ×
region və bitki üzrə əkin əmsalı × əkilən sahənin hektarı
Faktiki əkilən torpaq sahəsi və torpağın (parsellərin) xəritə-sxemində çəkilən sahəsi onun torpaq sənədi üzrə sahəsindən artıq olduqda, subsidiya sənəd üzrə sahəyə dair EKTİS-ə daxil edilmiş bəyana uyğun olaraq hesablanır. Fermer artıq sahə üzrə istifadə hüququnun rəsmiləşdirilməsi üçün torpaq sənədlərində müvafiq düzəliş edilməsi ilə bağlı ƏMDX-yə müraciət edə bilər.
 
Addım 7. Fermerlərin müraciətləri üzrə monitorinqlərin aparılması
Fermer tərəfindən edilən müraciətlər üzrə aşağıdakı qaydada monitorinqlər həyata keçirilir:
• çarpaz – elektron bəyannamə məlumatlarının sistemdə olan digər məlumatlarla üzləşdirilməsi;
• yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;
• yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM-in mütəxəssisləri tərəfindən nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi.
EKTİS-ə daxil edilən məlumatlar sistemdə mövcud digər aidiyyəti məlumatlarla üzləşdirilir. Habelə EKTİS-də eyni torpaq sahəsinə birdən çox bəyan (bir torpaq sahəsində müxtəlif bitkilərin becərilməsi halı istisna olmaqla) imkanı, birdən çox istifadəçinin eyni torpaq sənədi ilə bəyan imkanı, torpaq sahəsinin ölçüsündən çox bəyan imkanı, bəyan müddətləri xaricində bəyan imkanı və s. hallar ilə bağlı məhdudlaşdırmalar tətbiq edilir.
Müraciətlərin müəyyən hissəsi bitkinin becərildiyi dövrü (şum, əkin) əhatə edən peyk xəritələri (ortafoto təsvirləri) əsasında monitorinq edilir, fotointerpretasiya əsasında qiymətləndirilir. Peyk monitorinqi nəticəsində əkinin aparılmadığı şübhə edilən torpaq sahələri üzrə yerində müşahidələr aparılır.
EKTİS-də subsidiyaya müraciətlərin bir qismi əvvəlcədən müəyyən edilən risk meyarları əsasında yerində müşahidə üçün seçilir. Yerində müşahidə üçün seçilən müraciətlərin sahibləri (fermerlər) müşahidənin aparılması üçün zəruri şərait yaratmalıdırlar. Müşahidənin aparılmasına maneə olan fermerin monitorinq nəticəsi 0-a bərabər hesab edilir. Fermer müşahidə aparılacaq yerə gəlmədikdə müşahidə fermerin iştirakı olmadan aparılır və nəticə aktlaşdırılır. Fermer müşahidədə iştirak etdikdə akt onun tərəfindən də imzalanır. Fermer aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda qeyd edilir. EKTİS-də əkildiyi bəyan edilən bitki yerində müşahidə edilmirsə və ya yerdə başqa bitki müşahidə edilirsə, habelə 2-ci addımda intensiv bağlar üçün müəyyən edilmiş şərtlərin ödənilmədiyi və ya bağın salındığı ilin yanlış bəyan edildiyi müəyyən edilərsə, nəticə 0-a bərabər qəbul edilir.
Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında fərq 5 faizdən çox olmadıqda, bu fərq monitorinq aktında əks olunur və subsidiya məbləği həmin fərq ölçüsündə azaldılır.
Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20 faizədək fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və monitorinq nəticəsinə uyğun hesablanmış subsidiya məbləği 30 faiz azaldılaraq ödənilir.
Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 20-50 faiz fərq olduqda, bu fərq monitorinq aktında əks olunur və hesablanmış subsidiya sıfırlanır, yəni həmin il üzrə fermerə subsidiya ödənilmir.
Bəyan edilmiş əkin ilə monitorinq nəticəsində müəyyənləşdirilmiş əkin arasında 50 faizdən çox fərq olduqda, bu fərq monitorinq aktında əks olunur, hesablanmış subsidiya sıfırlanır, cari il və sonrakı il ərzində həmin fermerə monitorinq predmeti olan torpaq sahələri üzrə subsidiya hesablanmır.
Bəyan edilmiş bəzi əkinlər Kənd Təsərrüfatı Nazirliyinə daxil olan şikayətlər və ya məlumatlar əsasında fərdi monitorinqə daxil edilir. Bu halda yerində müşahidə qaydaları tətbiq edilir.
 
Addım 8. Müraciətlərin təsdiqi
Monitorinq üçün seçilməmiş müraciətlər üzrə əkin bəyannaməsində göstərilən məlumatlar Qaydanın tələblərinə uyğun olduqda avtomatlaşdırılmış qaydada təsdiqlənir və ödəniş üçün AKİA-ya göndərilir.
Monitorinq nəticəsində fermerin müraciət etdiyi əkin subsidiyasının hesablanması üçün əsas olan əkin bəyannaməsində göstərilənlərdən fərqli hallar müəyyən edilmədikdə müvafiq müraciət təsdiqlənir və ödəniş üçün AKİA-ya göndərilir.
Monitorinq nəticəsində fermerin əkin bəyannaməsində göstərilənlərdən fərqli hallar müəyyən edildikdə isə yuxarıda qeyd edilən monitorinq aktları EKTİS-də fermerin kabinetində əks olunur. Monitorinq aktı fermerin kabinetində əks olunduqdan sonra fermer EKTİS-də və ya DAİM-ə gəlməklə nəticəni təsdiq etdikdə, yaxud 15 gün müddətində monitorinq nəticəsinə etiraz etmədikdə, subsidiya məbləği 7-ci addımda qeyd edilmiş dəyişikliklərə uyğun olaraq avtomatik hesablanır. Fermer tərəfindən edilən etiraz fermerin iştirakı ilə AKİA-nın və ya DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparılmaqla qiymətləndirilir və nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
Monitorinq nəticəsinə etiraz etmiş fermerlərin müraciətləri araşdırmanın nəticəsinə uyğun olaraq təsdiq edilir, əkin subsidiyası hesablanır, fermerin elektron kabinetində əks olunur və ödəniş üçün AKİA-ya göndərilir.
 
 
 
Addım 9. Subsidiyaların ödənilməsi
AKİA tərəfindən monitorinq nəticələrinə uyğun və ya monitorinq edilmədən avtomatlaşdırılmış qaydada hesablanan müraciətlər hər ay qrup halında qəbul edilir. Əkin subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir.
AKİA tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan  müraciətlər üzrə əkin subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə fermerlərə bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.
Fermerə səhv ödənilmiş subsidiya vəsaiti Qaydanın 5.5-ci bəndinə əsasən fermer tərəfindən AKİA-ya geri qaytarılır, bu mümkün olmadıqda növbəti subsidiya vəsaiti artıq ödənilmiş məbləğ qədər azaldılır.
Fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir.
Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə növbəti il üçün ona subsidiya ödənilmir.
Fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.
 
Addım 10. Subsidiyaların xərclənməsi
Fermer əkin subsidiyasından istifadə etməklə istehsal vasitələrinin alışını, torpaqların aqrokimyəvi analizinin aparılmasını, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasını, habelə qurulmasını həyata keçirməyə başlayır. İstehsal vasitələrini, habelə müasir suvarma sistemlərini və dirəklərini satan sahibkarlar
EKTİS-də təchizatçı adı ilə qeydiyyatdan keçmiş şəxslərdir. Onlar barədə məlumatlar (ad, yer, satış yeri və s.) EKTİS vasitəsilə fermerə təqdim olunur.
Fermer subsidiya məbləğinin 25 faizini nağd ödəniş qaydasında sahə ilə bağlı fəaliyyəti üzrə, 75 faizini isə əkin və çoxillik əkmələrin becərilməsi üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün fermer kartı vasitəsilə nağdlaşdırılmadan xərcləyə bilər və bu məbləğin başqa məqsədlər üçün istifadəsi qadağandır. Belə ki, fermerin kartını xüsusi pay pointlərdən keçirməklə bu istiqamətdə fermerə ayrılan vəsait təchizatçının hesabına daxil olur, alqı-satqı barədə məlumat (satılan-alınan istehsal vasitəsi, müasir suvarma sistemləri və dirəkləri, onların miqdarı, satıldığı fermerin adı və s.) və qəbz təchizatçı tərəfindən EKTİS-ə daxil edilir.
Fermerin Qaydanı pozaraq subsidiyanı təyinatı üzrə istifadə etmədiyi müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir və onlara 2 il müddətinə subsidiya ödənilmir.
17. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
Fermer göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada poçt rabitəsi vasitəsilə, elektron üsulla  və ya şəxsən DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS-də elektron kabinet vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
EKTİS.
19. Xidmətin elektronlaşdırılma səviyyəsi
Tam elektronlaşdırılıb.
20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Tam avtomatlaşdırılıb.
21. Xidmətin elektron ünvanı
https://eagro.az/