Bee (2020-2022)

  “Arı subsidiyasının verilməsi” xidmətinə dair reqlament
 
1. Xidmətin adı
Arı subsidiyası
2. Xidmətin məzmunu
Hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi.
3. Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - AKİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzləri (bundan sonra - DAİM).
4. Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölmənin adı
"ASAN xidmət" mərkəzlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kiçik və orta biznes (bundan sonra - KOB) evlərində KOB dostu.
5. Xidmətin hüquqi əsası
•   Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın
(bundan sonra - Qayda) 1.2.13-ci yarımbəndi və 4.2-ci bəndi
•   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust 116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
•    Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
•    Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
•   E-poçt vasitəsilə məlumatlandırma;
•   Şəxsi kabinet vasitəsilə məlumatlandırma;
•   SMS vasitəsilə məlumatlandırma.
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
Subsidiyanın verilməsi.
9. Xidmət istifadəçisi barədə məlumat 
Fiziki və hüquqi şəxslər (fermer)
Qeyd: Fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan, FİN/VÖEN nömrəsi və öz adına olan mobil nömrə əsasında “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçən şəxsdir.
10. Xidmətin həyata keçirilməsi müddəti
Müraciət DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü ərzində.
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
Elektron qaydada müraciətlər real vaxt rejimində qəbul olunur
12.Xidmətin göstərilmə yeri
EKTİS (elektron mühitdə), DAİM, "ASAN xidmət" mərkəzləri və ya KOB-un inzibati binalarında.
13.Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
Qaydanın 2.10-cu bəndi, 4.4.3-cü, 5.3.2-ci və 5.3.3-cü yarımbəndlərinə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
•    fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
•   bəyan edilmiş arı ailələrinin sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 10-30 faiz çox olduqda cari il ərzində;
•   bəyan edilmiş arı ailələrinin sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 30  faiz çox olduqda isə cari il və sonrakı il ərzində;
•    tələb olunan məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə.
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Elektron bəyənnamə (müraciət).
15. Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank  və s.) nümunələri
Ərizə və sənədlər EKTİS-də avtomatlaşdırılmış qaydada formalaşır və elektron kabinet vasitəsilə fermerə təqdim olunur.
16. Xidmətin ödənişli və ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsiz
17. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. Fermer - arıçı sahib olduğu arı ailələrinin (pətəklərinin) uçotunu həyata keçirir, öz hesabına hər pətəyə lövhənin vurulmasını təmin edir.
Qeyd 1. Fermer - arıçı həvəskar və ya peşəkar arıçı olaraq müvafiq baytarlıq - sanitariya pasportuna sahib olan şəxsdir.
Addım 2. Fermer məlumatları (arıxananın adı, ünvanı, pətək sayı, qeydiyyat lövhəsinin alınıb alınmadığı, identifikasiya nömrəsi) EKTİS-ə daxil etməklə pətəklərin qeydiyyatını həyata keçirir.
Addım 3. Fermer hər il aprelin 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir, məhv olan və ya yeni yaranan pətəklər barədə informasiya verir.
Addım 4. EKTİS hər il mayın 15-dək mövcud arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciətini (elektron bəyannamə) avtomatik qaydada formalaşdırır və fermerin şəxsi kabinetinə göndərir.   
                                        Arı subsidiyasının hesablanması = pətək sayı × 10 manat
Addım 5. Fermer hər il mayın 25-dək kabinetində formalaşan subsidiyaya müraciəti təsdiq edir.
Addım 6. AKİA hər il 25 may - 30 may arası 5 gün müddətində təsdiqlənən müraciətlərdən yerində müşahidə ilə monitorinq ediləcəkləri seçmə üsulu ilə müəyyən edir.
Addım 7. DAİM tərəfindən yerində müşahidə ilə seçilənlərin monitorinqi həyata keçirilir.
Addım 8. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermer bununla əlaqədar EKTİS vasitəsilə bildiriş göndərilir və subsidiya məbləği azaldılır. Bildiriş təqdim edildikdən sonra fermer 15 gün müddətində bildiriş etmədikdə, ona münasibətdə, müvafiq olaraq Qaydanın 5.3-cü bəndinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən  yerində müşahidə aparılmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.
Addım 9. Müraciətlər DAİM tərəfindən təsdiq edildikdən sonra AKİA 15 iş günü müddətində subsidiya ödənişini həyata keçirir.
Qeyd 2. Arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailələsinə görə hər təqvim ilində 10 manat məbləğində subsidiya hesablanır və 2023-cü ilədək verilir.
Qeyd 3. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında Qaydanın 5.3-cü bəndinə uyğun olaraq müəyyən müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer AKİA-ya geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır.
18. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barəda məlumatlar
Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasinın Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır
19. Xidmətin həyata keçirilməsində istifadə  edilən informasiya sistemi və  ehtiyatları
EKTİS
20. Xidmətin elektronlaşma  səviyyəsi
Elektronlaşdırılıb
21. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Qismən avtomatlaşdırılıb
22. Xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi
-