AGRO NEWS

Fermerlərə müjdə: Şəkər çuğundurunun tədarük qiyməti artırılıb

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində daha bir addım atılıb. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.
Qərara əsasən, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC tərəfindən 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artılıb.
Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12% şəkərliliklə 65 manatdan 69 manata, 13% şəkərliliklə 68 manatdan 72 manata, 14% şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.
Qeyd edək ki, 2023-cü təsərrüfat ilində respublikanın 22 rayonunda 4534.9 hektar şəkər çuğunduru əkilib.