Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 3700-ə yaxın qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb
2023-08-16
Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. Mövsüm ərzində 3700-ə yaxın təsərrüfat mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçiriblər.
2023-cü il mövsümündə 1177 qoyunçuluq təsərrüfatı Laçın və Kəlbəcər yaylaqlarına qalxıb. Bu il Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatları minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına ümumilikdə 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır - 195936 baş. Laçın yaylaqlarına isə 114970 baş xırdabuynuzlu heyvan aparılıb. Qəbul olunmuş qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların sayının 10 faizi qədər iribuynuzlu heyvan da apara bilərlər. Bununla da 2023-cü il yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına ümumilikdə 350 min başa yaxın heyvanın aparılması təmin edilib.
Başa çatmaqda olan yaylaq mövsümündə azad olunmuş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu il arıçılar öz təsərrüfatlarını işğaldan azad olunmuş 7 rayonun yaylaqlarına köçürüblər. Kəlbəcər rayonundan 1603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan 8 arıçı fermer bu il arıçılıq təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Hazırda Kəlbəcər yaylaqlarında 77 min, Laçın yaylaqlarında 43 min, digər beş rayonun yaylaqlarında isə 5 minə yaxın arı ailəsi var.
Yaylaq mövsümü başa çatdıqdan sonra Kəlbəcər, Laçın və digər rayonlardakı arıçılıq və qoyunçuluq təsərrüfatlarının Aran bölgəsinə qayıtması nəzərdə tutulur.