AGRO NEWS

Kənd Təsərrüfatı Nazirliyi və FAO əməkdaşları fermerlərlə görüşlər keçiriblər

Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə yeni təyin olunan rəhbəri Nasar Hayat Göygöl, İsmayıllı, Şamaxı rayonlarına və Gəncə şəhərinə səfər edib. Səfərin məqsədi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində həyata keçirilən “Azərbaycanda iribuynuzlu damazlıq heyvanlarının cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi“, “Qadınların İqtisadi Güclərinin Artırılması – WEP” və “Aqrar Məşğulluğun Artırılması” (AMAL) layihələri üzrə icra olunmuş tədbirlərin effektivliyinin qiymətləndirilməsi, eləcə də görülmüş işlərlə tanışlıq olub. 
Səfər zamanı ilk olaraq Respublika Süni Mayalanma Mərkəzində və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda görüşlər keçirilib. Görüşlərdə sözügedən qurumların fəaliyyət istiqaməti, aparılan elmi-tədqiqat işləri, həmçinin layihənin icra vəziyyəti barədə məlumat verilib və qarşıda duran əsas hədəflər səsləndirilib.
Səfər çərçivəsində nümayəndə heyəti İsmayıllı rayonunun Sumağallı kəndində “Arzu Qadın Qrupunun” üzvləri ilə görüşüb. Görüş zamanı layihə çərçivəsində qrup üzvlərinə təqdim edilmiş avadanlıqların istifadəsi, dəstək tədbirlərinin aqrar fəaliyyətdə yaratdığı dəyişikliklər və təsirlər, o cümlədən gələcək planlarla bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə kooperativlərin yaradılmasının əhəmiyyətinə toxunulub, kooperativlərə dövlət tərəfindən göstərilən xüsusi dəstək tədbirləri barədə ətraflı məlumat verilib.
Daha sonra AMAL layihəsi çərçivəsində Şamaxı rayonunda icra olunmuş “Üzümçülüyün inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi” adlı pilot layihə üzrə salınmış yeni üzüm bağlarına baxış keçirilib. Layihənin icrasından bəhrələnən benefisiarlar, o cümlədən gənc fermerlər onlara göstərilən dəstəyə və yaşadıqları ərazilərdə yaradılan iş yerlərinə görə öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, yeni salınan üzüm bağlarında məhsuldarlıq göstəricilərinin müsbət dinamika ilə artması qarşıdakı illərdə onların maddi durumlarına effektiv təsir edəcək. Eyni zamanda, görüşdə AKİA-nın nümayəndələri tərəfindən dövlət dəstək alətləri - güzəştli kreditlər, subsidiyalar barədə ətraflı məlumat verilib və bu xidmətlərdən faydalanmaq tövsiyə edilib.
Səfər çərçivəsində növbəti görüş Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Görüşdə universitet rəhbərliyi tərəfindən ADAU-nun fəaliyyət istiqamətləri, ali təhsil müəssisəsinin maddi-texniki bazası, əldə olunan nailiyyətlər və ikili diplom proqramları haqqında məlumatlar verilib. Görüşdə, həmçinin FAO ilə ADAU arasında qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib. Sonda səfər iştirakçıları ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar. Qonaqlara universitetin maddi-texniki bazası, keyfiyyətli aqrar təhsil almaq üçün yaradılmış imkanlar, stimullaşdırma proqramları barədə geniş məlumat verilib.