Biləsuvarda toxum sərgi-satış yarmarkası keçirilib
Biləsuvar rayonunda 8-ci toxum sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilən yarmarkada Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanı əldə ediblər.
Yarmarkalarda əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.
Qeyd edək ki, mövsüm ərzində yarmarkalar Şəki, Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında təşkil edilib. 11 avqust tarixindən Şəki şəhərindən start götürürərək başlayan toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır. Biləsuvarda təşkil edilən toxum sərgi-satış yarmarkası mövsümün sonuncu yarmarkasıdır.
Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Biləsuvarda təşkil edilən sayca 25-ci Aqrar İnnovasiya Festivalında isə yerli və xarici şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan məhsul və texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.
Qeyd edək ki, aqrar sahədə innovasiyaların təbliği və təşviqi məqsədilə respublikamızın digər bölgələrində də Aqrar İnnovasiya Festivallarının təşkili nəzərdə tutulur.