Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Daşkəsəndə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
2023-12-25
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova dekabrın 25-də Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Daşkəsən və Ucar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciəti əsasən əkin subsidiyası, toxumçuluq şəhadətnaməsinin əldə edilməsi, əmək hüquqları məsələləri ilə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili və payızlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb. İlhamə Qədimova həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, əkinlərin bəyanı prosesinin təşkili və bəyanların qəbulu ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıb.