Aqrar Kredit və İnkişaf Agentliyi ilə Mediasiya Şurasının birgə tədbiri keçirilib
2023-12-30
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Mediasiya Şurasının birgə tədbiri keçirilib. Tədbirdə Mediasiya Şurasının Bakı və müxtəlif regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarının mediatorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qurumlar arasında mövcud əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, bu əməkdaşlıq mübahisələrin mediasiya yolu ilə həlli istiqamətində kifayət qədər uğurlu nəticələr verib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında AKİA ilə qarşılıqlı əməkdaşlığın perspektivlərindən və gələcək planlardan danışıb, həmçinin mediatorlara göstərilən diqqətə görə təşəkkürünü bildirib.
AKİA-nın sədri Seymur Mövlayev isə Mediasiya Şurası ilə əməkdaşlıq müddətində əldə olunan real nəticələrin statistikasına toxunub. O bildirib ki, 300-dən artıq lizinq alanla gecikdirilmiş borcların məhkəmədənkənar ödənişi istiqamətində barışıq sazişi imzalanıb.
Sonda AKİA ilə bağlanmış sazişə əsasən mübahisəli məsələlərin barışıq yolu ilə həlli üçün mediasiya işlərinin təşkilində göstərdiyi töhfələrə görə mediasiya təşkilatları və yüksək peşəkarlığa görə fərqlənən mediatorlar təşəkkürnamə ilə təltif ediliblər.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında AKİA ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalanıb.