AGRO NEWS

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Sabirabadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fevralın 14-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, kənd təsərrüfatı təyinatlı kreditin verilməsi, tədarükçü şirkətin öhdəlikləri yerinə yetirməməsi, torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Elçin Zeynalov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb.
Daha sonra Elçin Zeynalov Kürsəngi kəndində yerləşən müasir istixana kompleksinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, istixanada yetişdirilən məhsullara yerli və xarici bazarlarda tələbat böyükdür. Hazırda istixana kompleksində yerləşdirilən məhsulun 80 faizi xarici bazarlara ixrac edilir, qalan 20 faiz isə daxili bazarda realizə olunur.
Nazir müavini daha sonra Bulaqlı kəndində fəaliyyət göstərən müasir heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olub. Kompleksin rəhbəri Əli Seyidov bildirib ki, hazırda kompleksdə 200 baş südlük istiqamətli cins damazlıq heyvan saxlanır. Ötən il dövlət dəstəyi ilə daha 33 baş damazlıq heyvan alan sahibkar təsərrüfatı böyütmək niyyətində olduğunu deyib.
Elçin Zeynalov təsərrüfatda yemləmə prosesi, buzovların saxlanma şəraiti, süd sağımı məntəqəsinin fəaliyyəti ilə tanış olub, öz tövsiyələrini verib.