Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayıb
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.
Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 1 aprel tarixindən etibarən qeydiyyatdan keçə bilərlər.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.