AGRO NEWS

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev mayın 14-də, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən heyvan (buzov) subsidiyası, güzəştli şərtlərlə kreditlərin verilməsi, müasir suvarma sistemlərinə və kənd təsərrüfatı texnikalarına güzəşt və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Əvvəlcə Seymur Mövlayev “Balacans Agro Food” MMC-də dövlət dəstəyi ilə qurulan meyvə və tərəvəz üçün qurutma kameraları, istehsal xəttinə baxış keçirib.
Sonra Katex kəndində yerləşən sahibkar Əliyev Zeynala məxsus “Bal meyvə” müəssisəsinin fəaliyyəti, o cümlədən burada AKİA-nın dəstəyi ilə qurulan soyuducu anbar, müasir suvarma sistemləri ilə təchiz olunan meyvə bağları ilə tanış olub.
Daha sonra AKİA sədri Katex kəndində “Balkhoorma” MMC-də olub. Müəssisənin hazırki fəaliyyəti, istehsal gücü ilə maraqlanıb. Dövlət tərəfindən göstərilən dəstəklə mexanizmləri barədə məlumat verib.