Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir və bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinə ev sahibliyi edəcəyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik” ili elan olunduğunu xatırladan nazir əlavə edib ki, builki sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür.
Tədbirdə çıxış edən Belarus Respublikası Baş nazirinin müavini, İqor Petrişenko iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələr intensiv inkişaf etdiyini, ölkəsinin Azərbaycanla aqrar sahədə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Belarusun 42 şirkətinin sərgidə iştirak etdiyini deyən İqor Petrişenko bu sərgilərin hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib.
Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. Bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir.
Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Alişer Şükürov “Caspian Agro” sərgisini kənd təsərrüfatı texnologiyalarının təşviqi və qabaqcıl təcrübələrin bölüşdürüldüyü unikal platforma adlandırıb.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə qeyd edib ki, rəhbərlik etdiyi qurum qeyri-neft ixracının stimullaşdırılması çərçivəsində və “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakının təmin edilməsi ilə yanaşı, ixrac və alıcı missiyaları təşkil edir, sahibkarlara bazar araşdırmalarının aparılması və beynəlxalq sertifikatların alınmasında dəstək göstərir.
FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat bu sərginin Azərbaycanın aqrar-sənaye sektorunda görülən innovativ işlərin dünyaya nümayiş etdirmək üçün imkan yaratdığını qeyd edib. FAO rəsmisi aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi və aqrar sahənin inkişafı istiqamətində tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib.
Sərginin əhəmiyyətindən söz açan “ITE Group” şirkətinin Baş icraçı direktoru Edvard Stroon iştirakçıların sayının ilbəil artdığını və bu sərgilərin davamlı təşkil ediləcəyini diqqətə çatdırıb.
Daha sonra nümayəndə heyəti “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkəti bir araya gətirib. Ötən illə müqayisədə sərgilərin miqyasında 10% artım müşahidə olunur. Ümumilikdə sərgilərdə Azərbaycanla yanaşı, Almaniya, Amerika, Belarus, Belçika, Çexiya, Çin, Cənubi Koreya, Estoniya, Əfqanıstan, İspaniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İran İslam Respublikası, İsrail, İsveç, İsveçrə, İtaliya, İndoneziya, Latviya, Misir, Niderland, Özbəkistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Şri-Lanka, Venesuela, Yaponiya və Yunanıstandan şirkətlər iştirak edirlər. Almaniya, Belarus Respublikası, Gürcüstan, Çex Respublikası, Əfqanıstan, İtaliya, Niderland Krallığı, Koreya, Polşa, Şri-Lanka, İndoneziya, Özbəkistan Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirir. Bu il Türkmənistan və Venesuela sərgidə ilk dəfə iştirak edir. Sərgilərdə yeni ölkələrin iştirakı kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır.
Üç gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Hər il olduğu kimi bu il də təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. Sərgi çərçivəsində Azərbaycanın 42 rayondan fermerlər qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçiriləcək. Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunacaq.
Bundan başqa, bu il sərgidə ilk dəfə olaraq Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək. Hakatonun əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaqdır.