İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

2024-05-08

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə İsmayıllıda  Aqrar Biznes Festivalı keçirilib.
Festivalda Ağsu, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı rayonlarından fermerlər iştirak ediblər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələri təmsil olunub.
Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.
Festival çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinin rolu və COP29 çərçivəsində həyata keçiriləcək tədbirlər”ə dair təqdimat keçirilib. Eyni zamanda, tədbir zamanı COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflilik mövzularında videoçarxlar nümayiş olunub.
Həmçinin, festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb. Belə ki, festivalda iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatı tərəfindən fermerlərə aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib. Bununla yanaşı, festivalda ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlim keçirilib.
Özəl şirkət tərəfindən arıçı fermerlərə “Bal arılarının varroa gənələrindən dərmansız təmizlənməsi və ekoloji təmiz bal istehsalı strategiyası” mövzusunda təlim keçirilib. Təlim zamanı arıların varroa gənələrindən təmizlənməsi prosesi fermerlərə əyani olaraq göstərilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə cari ildə Salyan, Yevlax, Masallı, Quba, Qazax, Qəbələ və İsmayıllı rayonları olmaqla 7 iqtisadi rayonda Aqrar Biznes Festivalı keçirilib.