AFAQ layihəsi çərçivəsində Tovuz rayonunda qadın fermerlərə dəstək göstərilib
2024-07-25
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Tovuz rayonunda “Qərb yenilikləri” kooperativinə dəstək göstərilib.
Kooperativdə 25 qadın fermerin kartof əkdikləri ərazi çiləmə üsulu ilə suvarma sistemi və 360 metr su borusu ilə təmin edilib. Həmçinin kənd təsərrüfatının fərqli istiqamətlərində inkişaf perspektivləri nəzərə alınaraq qadın fermerlər üçün quşçuluq istiqamətində təlimlər də təşkil edilib. Təlimlər zamanı fermerlər yumurta istehsalı istiqamətində təsərrüfatın qurulması və inkişaf etdirilməsi, eləcə də toyuq xəstəliklərinə qarşı mübarizə tədbirləri və digər mövzular baradə faydalı məlumatlar əldə ediblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir.
Bu günədək AFAQ layihəsi çərçivəsində 556 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 25 region üzrə 258 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.