Bakıda “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29” mövzusunda konfrans keçirilib
2024-08-28
Bakıda “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29” mövzusunda konfrans keçirilib. Tədbir ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkili və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) birgə təşkilatçılığı ilə keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, COP 29 Təşkilat Komitəsi, FAO, Dünya Bankı, eləcə də digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, qlobal iqlim dəyişikliyi aqrar sahəyə daha çox təsir edir və kənd təsərrüfatı sahəsinin qarşısında yeni çağırışlar formalaşdırır. Azərbaycan hökumətinin kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün bütün tədbirləri gördüyünü deyən İlhamə Qədimova vurğulayıb ki, ölkəmizdə iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir, iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verilir. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir. Aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər.
Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı çətinliklə ödəyir. Dünya əhalisinin ərzağa olan tələbatının sürətlə artması torpaq və su resurslarına təzyiqi artırır. Vüqar Kərimov iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Dövlət Su Ehtiyatları Agentliyi və COP 29 Təşkilat Komitəsinin nümayəndələri öz çıxışlarında iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının səmərəli idarə olunmasının vacibliyini qeyd edərək bu sahədə müasir texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunublar.
FAO Azərbaycan Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Həyat ərzaq təhlükəsizliyi və davamlı su təminatı üçün kənd təsərrüfatında idarəolunan suvarma sistemlərinin roluna diqqət çəkib. O, iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsirləri, bu sahədə FAO-nun qlobal, regional və milli səviyyədə tətbiq etdiyi yanaşmalar və həyata keçirilən tədbirlər ilə bağlı məlumat verib.
Müzakirələrdən sonra konfransda iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, suyun düzgün paylanması və su itkisini minimuma endirmək üçün yeni texnologiyaların tətbiqi mövzusunda təqdimatlar keçirilib. Tədbirdə su ehtiyatlarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi və davamlı su təminatı üçün kənd təsərrüfatında idarəolunan suvarma sistemlərinin rolu, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, müasir suvarma sistemlərinin qurulması və digər aktual məsələlər müzakirələr olunub. Həmçinin, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər.