Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Kürdəmirdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

2024-09-24

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev sentyabrın 24-də, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kürdəmir və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbulda vətəndaşların müraciətləri əsasən heyvan (buzov), barama, toxum subsidiyası, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Seymur Mövlayev əvvəlcə Ərəbxana kəndində qarğıdalı, yonca və ərzaqlıq buğda əkilən təsərrüfat sahələri, həmçinin AKİA xətti ilə quraşdırılan pivot suvarma sistemi ilə tanış olub. Təsərrüfatın daha da inkişaf etdirilməsi üçün öz tövsiyələrini verib.
Sonra AKİA sədri Atakişili kəndində meyvə bağına baş çəkib, burada fermerin ehtiyacları ilə maraqlanıb və əlavə dövlət dəstəyi mexanizmləri barədə məlumat verib.