Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

2024-12-20

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova dekabrın 20-də Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat,qışlaqdakı təsərrüfatların su ilə təmin olunmasında çətinliklər,torpağın təyinatının dəyişdirilməsi, üzüm bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi reqlamentinə təkliflər və digər məsələlərlə bağlı olub. 
Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra nazir müavini İlhamə Qədimova Tovuz rayonunun Aşağı Quşçu kəndində fermer İbrahim Məmmədovun intensiv üzüm bağına baş çəkib, rayonda üzümçülüklə məşğul olan fermerlərlə görüşüb. Görüşdə Aqrar Subsidiya Şurasının 2025-ci təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.