Nazir müavini Sarvan Cəfərov Xaçmazda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
2025-03-11
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 11-də Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyası, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, dövlət qulluğuna qəbul, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Çarxı kəndində intensiv şaftalı, heyva və gilas bağlarına baxış keçirib, fermerlərlə görüşüb. Görüşlərdə fermerlərlə çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
