Dövlət və özəl sektorun maliyyə qurumları bu dəfə Ağdaşda toplaşıb

2025-04-07

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə baş tutub. Tədbirin məqsədi aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub.

Panel sessiyada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aparıcı dövlət qurumları və bank sektoru nümayəndələri iştirak ediblər. Sessiya zamanı Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Sığorta Fondunun mütəxəssisləri fermerlərə güzəştli kreditlər, subsidiyalar və aqrar sığorta imkanları barədə geniş məlumat təqdim ediblər.

Bununla yanaşı, panel müzakirələrdə Rabitəbank, Yelo Bank, Unibank, Expressbank, FINCA Azerbaijan və Aqrar Kredit BOKT kimi ölkənin aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar kənd təsərrüfatı sahəsində maliyyələşmə imkanları, kredit şərtləri və yeni məhsullar barədə təqdimatlar edərək, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 Müzakirələr zamanı Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri, dövlətin fermerlərə maliyyə dəstəyi, subsidiya və kredit mexanizmləri, eləcə də sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada iştirak edən sahibkarlar və fermerlər praktiki məsələlərə dair suallarını birbaşa aidiyyəti qurumların nümayəndələrinə ünvanlayaraq ətraflı cavab alıblar.

 Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiyaların ölkənin bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs fermerlərin məlumatlılığının artırılması və regionlarda aqrar sahənin dayanıqlı inkişafına dəstək məqsədi daşıyır.