Şəmkirdə Aqrar İnnovasiya Festivalı keçirilib

2022-11-30

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəmkir rayonunda təşkil edilib. Şəmkir Aqroparkın ərazisində təşkil olunan festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub. Müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub.
Festivalın açılış hissəsində çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Kənd təsərrüfatı nazirliyinin aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş olunub.
Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda “Kənd təsərrüfatında sığortalanan bitki növləri”, “İntensiv yemləmənin təşkili”, “İstixanalarda ağıllı monitorinq sistemləri”, “Sahibkarlara dəstək mexanizmləri”, “Süd sağım sistemləri”, “Gübrələr” mövzularında təlimlər keçirilib.
Festivalın gündəliyinə uyğun olaraq aqroparkların, elmi-tədqiqat institutlarının və özəl şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə “Kənd təsərrüfatının innovativ yollarla inkişafı: “Aqroparklar və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.
Qeyd edək ki, aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində  innovasiya festivalları keçirilir. Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunan bu festivallarda minlərlə fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar ilə tanış olmaq imkanı əldə ediblər.