AGRO NEWS

Quduzluğa qarşı peyvəndləmə: helikopterdən meşə zolağına 18 min doza aldadıcı yem səpilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, eləcə də Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun mütəxəssislərinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpiblər. Ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yem səpilib.
Mövcud normaya əsasən, meşə zolağında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edirlər.
Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin may ayında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.
Qeyd edək ki, oral peyvəndləmə yüksək riskli ərazilərdə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.