Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir

2022-12-07

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində karantin tətbiq edilən, xüsusi təhlükəli və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Belə ki, cari ilin oktyabr ayından bugünədək respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı 225496 hektar sahədə müşahidə və sirayətlənmiş 185283 hektar sahələrin 1191 hektarında mexaniki, 177198 hektarında isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda taxıl böcəyinə qarşı 1125 hektar sahədə müşahidə və sirayətlənmiş 469 hektar sahələrin 445 hektarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib. 
Respublikanın payızlıq taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin aidiyyəti yerli qurumları tərəfindən fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların yayılma arealını müəyyən etməklə aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25°C-dir. Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir. Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır.
Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, suvarılan əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır. Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsulundan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur.
Taxıl böcəyinin sürfələri əkin sahələrinə həm payızda, həm də yazda ziyan vurur. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır və inkişaf edə bilir. Sürfələri bitkinin yarpaqları, yetkin fərdləri (böcəklər) isə “sütül” dənləri ilə qidalanırlar. Bir böcək imagianal həyatı dövründə orta hesabla 55 dən yeyə bilir. Mübarizə tədbirləri aparılmazsa məhsul itkisi 20-30%, hətta 70-80%-ə çata bilər.
Yetkin fərdlər sentyabr ayının ikinci ongünlüyündə yumurta qoymağa başlayırlar. Yumurtaqoyma  10-25 gün davam edir. Oktyabr ayının əvvəlində yumurtadan çıxan sürfələr ilk dövrdə torpaqda olan bitki qalıqları, sonralar isə payızlıq taxıl cücərtiləri ilə qidalanırlar. Qış dövrünü əsasən müxtəlif yaşlı sürfə mərhələsində torpağın 30-40 sm dərinliyində keçirir. Aprelin ikinci ongünlüyündən etibarən sürfələr pup mərhələsinə keçirlər. Pup mərhələsi 13-19 gün davam edir. Yetkin böcəklər may ayının II yarısından müşahidə olunmağa başlayırlar.
Bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə payızda bitkilərin kollanması dövrünə qədər 1m2-də sürfələrin sayı 1-2 ədəd, yazda bitkilərin boyatma dövründə isə 3-4 ədəd olarsa təsiredici maddəsi imidakloprid 150 q/l+lambda siqalotrin 50 q/l olan preparatlardan (0.08-0.1 l/ha) və ya təsiredici maddəsi deltametrin  250 q/l olan preparatlardan (0.25 l/ha) istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.
Fermerlərə zərərli orqanizmlərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.