Karbamid gübrəsini necə düzgün istifadə etməli? - FERMERLƏRƏ TÖVSİYƏ
2023-02-11
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə birlikdə payızlıq əkinlərdə yemləmə gübrəsindən düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinə başlayıb. Maarifləndirmə prosesində ölkəmizdə yemləmə gübrəsi kimi daha çox tətbiq olunan karbamid gübrəsindən düzgün istifadə qaydaları izah edilir.
Karbamid dünyada mövcud olan azotlu gübrələrin içərisində ən geniş istifadə olunan gübrədir. Ağ rəngdə olan bu gübrə suda asanlıqla həll oluna bilir. Tərkibində təsiredici maddə hesabı ilə 46%-ə qədər azot elementi olan karbamid gübrəsi hiqroskopik olmaqla havada olan nəmliyi sürətlə özünə çəkmək qabiliyyətinə malikdir.
Adətən karbamid gübrəsi taxıl sahələrində yemləmə gübrəsi kimi istifadə edilir. Amma gübrə torpağın səthində qalarsa, parçalanaraq buxarlanır və nəticədə itkiyə səbəb olur. Ona görə də karbamid gübrəsindən istifadə edərkən fermerlər bir neçə məsələni diqqətdə saxlamalıdırlar.
-
Karbamid gübrəsini vaxtında və düzgün istifadə etməklə yuxarıda qeyd olunan itkinin qarşısını almaq olar. Belə ki, gübrəni torpaqla qarışdırmaq lazımdır. Bunun üçün dəmyə şəraitində əkin aparan fermerlər yağışlı havalardan 1-2 gün öncə torpağa yemləmə gübrəsi verməlidirlər ki, yağan yağış karbamid gübrəsini özündə həll edərək torpağa qarışsın və gübrə itkisi baş verməsin.
-
Yağışların yağmadığı hallarda isə fermerlər taxıl əkin sahələrinə perpendikulyar istiqamətdə yaşıl mala çəkməlidirlər. Bu zaman karbamid gübrəsi torpaqla qarışır və itkisi az olur. Yaşıl malanın çəkilməsi, həmçinin bitkilərin daha yaxşı kollanmasını və inkişafını təmin edir.
-
Suvarılan sahələrdə karbamid gübrəsini tətbiq edib sahəni dərhal suvarmaq lazmdır ki, gübrə itkisinin qarşısı alınsın.
Bundan başqa karbamid gübrəsi torpağın normal nəmlik və temperatur +150C-dən yuxarı olduqda bakteriyaların köməyi ilə kimyəvi çevrilmələrə uğrayaraq ammonium və nitrat ionları formasında bitkilərin kökləri tərəfindən mənimsənilir.
Torpaqda ilkin yazda temperatur aşağı olur ki, bu dövr taxıl bitkilərinin azota ən çox ehtiyac duyduqları (kollanma və boruya çıxma fazaları) dövrdür. Bu həm bitkilərin xarici mühit amillərinə qarşı müqavimətini azaldır, həm kollanma əmsalını aşağı salır və nəticədə bitkinin ümumi inkişafını ləngidir. Buna görə də karbamid gübrəsinin tətbiqi zamanı ümumi tövsiyə olunan azot dozasının 20-30 faizinin ammonium nitratla əvəzlənməsi məqsədəuyğundur. Belə ki, bitkinin inkişafının ilkin mərhələlərində bu gübrənin tərkibində olan ammonium və nitrat ionları bitkinin qidalanmasını təmin edir və bitkilər yuxarıda qeyd olunan azot çatışmazlığını hiss etmir.
Bu gübrə torpaq reaksiyasının turşuluğunu artırır. Buna görə də bu gübrə turş olmayan torpaqlar üçün məsləhət görülür.
Bundan əlavə karbamid gübrəsi suda həll edilərək, kökdənkənar yemləmə gübrəsi kimi də tətbiq edilə bilər. Bu tətbiq üçün ən effektiv konsentrasiya 10 %-li karbamid məhlulu hazırlamaqdır. Kökdənkənar yemləmə gübrəsi məhsuldarlığın və dənin keyfiyyət göstəricilərinin yüksəlməsi ilə yanaşı, eyni zamanda qələvi mühit yaradır ki, bu da göbələklərin inkişafını ləngidməklə funqisid təsirə malikdir.
Qeyd edək ki, karbamid gübrəsi asanlıqla parçalana bilir. Bu baxımdan karbamid kisələrinin günəş düşən nəmli yerdə saxlanılması tövsiyə edilmir. Karbamid gübrəsindən istifadə edərkən dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq lazımdır.