AGRO NEWS

Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət, fermerlər  iştirak ediblər. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib. Festivalda bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb. Həmçinin, festivalda bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib.

Festival zamanı Aqrar Təlim Mərkəzi tərəfindən “Superintensiv fındıq bağlarının salınması”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Gilas bitkisinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri” və ölkədə müasir suvarma sistemləri sahəsində xidmət göstərən şirkət tərəfindən “Pivot suvarma sistemi” mövzularında maarifləndirilmə işləri həyata keçirilib. Eyni zamanda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər. Festival Quba-Xaçmaz və ətraf bölgələrin fermerləri tərəfindən maraqla qarşılanıb.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətini həyata keçirilməsi və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.