Taxıl biçininə hazırlıqla bağlı mexanizatorların təlimlərinə start verilib
2023-04-16
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” ASC tərəfindən 2023-ci ildə taxıl biçininin operativ, vaxtında və itkisiz həyata keçirilməsi məqsədilə mexanizatorlar üçün təlimlərə başlanılıb. Ümumilikdə cari ildə 250-dən çox mexanizatora təlim keçirilməsi planlaşdırılıb.
Aprel ayının əvvəlindən etibarən ilk olaraq Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində müasir kombaynlarının idarə olunması ilə bağlı təlim təşkil edilib.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi mexanizatorların kombaynların düzgün idarə edilməsi, dəqiq texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və texnikanın idarə edilməsində təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexanizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani olaraq nümayiş etdirilir.
Qeyd edək ki, təlimlər ödənişsiz olaraq həyata keçirilir. Təlimin sonunda keçirilən imtahana əsasən mexanizatorlara sertifikat təqdim edilir.