Elektron İnzibati prosedurlar :
-
Addım 1. "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçib kümçü fermer statusunun alınması. Yaş barama (əyrilən və karapaçax barama istisna olmaqla) istehsal edərək satmaq istəyən istənilən fiziki və ya hüquqi şəxs "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçməklə kümçü fermer statusu ala bilər. Şəxs EKTİS-də birbaşa olaraq www.eagro.az saytı vasitəsilə kümxanası barədə (kümxananın tipi, inzibati ərazisi, sahəsi (m²) və mövcud tut ağaclarının sayı) məlumatları EKTİS-ə daxil etməklə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi üzərində olmadıqda fərdi identifikasiya nömrəsi (FİN kod) və ya şəxsiyyət vəsiqəsinin fotoşəkli, yaxud Elektron Hökumət İnformasiya Sistemində (“mygov” mobil tətbiqi) mövcud olan şəxsiyyət vəsiqəsi məlumatları əsasında) və mobil telefonu ilə gələrək müvafiq məlumatları təqdim etməklə " Digital Login” vasitəsilə qeydiyyatdan keçə bilər.
-
Addım 2. Barama toxumu və tut ipəkqurdunun alınması. Kümçü fermer aldığı dirildilmiş tut ipəkqurdları barədə informasiyanı mövsümə müvafiq olaraq hər il 10 aprel – 15 may və 10 iyul-10 avqust tarixləri arasında EKTİS-ə daxil edir.
-
Addım 3. Yaş baramanın tədarükçüyə təhvil verilməsi. Kümçü fermer istehsal etdiyi yaş baramanı tədarükçüyə təhvil verir. Tədarükçü yaş baramanın təhvil alınmasına dair sənədləri yaz aylarında istehsal edilmiş barama ilə bağlı iyun ayının 30-dək, yay aylarında istehsal edilmiş barama ilə bağlı sentyabr ayının 30-dək EKTİS-ə daxil edir.
-
Addım 4. Subsidiyanın hesablanması. EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və kümçü fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 manat məbləğində subsidiya hesablanır.
-
Addım 5. Müraciətin təsdiq edilməsi. Kümçü fermer yaz aylarında istehsal edilmiş barama ilə bağlı 1-15 iyul, yay aylarında istehsal edilmiş barama ilə bağlı 1-15 oktyabr tarixləri arasında şəxsi kabinetində əks olunan elektron bəyannamədəki (ərizə) məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Razılaşmadığı təqdirdə isə EKTİS vasitəsilə tədarükçüyə və ya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinə (DAİM) müraciət edir və məsələ aydınlaşdırıldıqdan sonra 15 iş gün müddətində müraciətini təsdiq edir. Kümçü fermer tərəfindən təsdiq edilən elektron bəyannamə real vaxt rejimində DAİM-ə daxil olur və DAİM tərəfindən 3 gün müddətində təsdiq edilir.
-
Addım 6. Subsidiyanın ödənilməsi. Barama subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir və 15 iş günü müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə barama subsidiyasının məbləği kümçü fermerlərin kart hesablarına köçürülür və bu barədə onlara bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir. Kümçü fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Kümçü fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə ona xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş kümçü fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə onun tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında kümçü fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir. Kümçü fermer Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.
|