“Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi” xidmətinə dair
                                                                                                  REQLAMENT
1. Xidmətin adı
Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşdirilməsinin maliyyələşdirilməsi.
2.Xidmətin məzmunu
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaiti hesabına müvəkkil kredit təşkilatları (bundan sonra – MKT) tərəfindən kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanlarının (bundan sonra - kənd təsərrüfatı istehsal vasitələri) alışı məqsədilə ayrılan kredit, lizinq və güzəştlərin maliyyələşdirilməsi
3. Xidməti həyata keçirən qurumun və (və ya) onun struktur bölməsinin adı
Agentlik
4. Xidmətin icrasında iştirak edən qurumun və (və ya) onun struktur bölməsinin adı
·       Agentliyin vəsaitindən istifadə üzrə müqavilə bağlanmış müvəkkil kredit təşkilatları (bundan sonra – MKT);
·       kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçıları;
·       qiymətləndirmə təşkilatları;
·       sığorta təşkilatları.
5.Xidmətin hüquqi əsası
·       Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın (bundan sonra – Qayda) 1.2-ci bəndi, 2.1.3-cü yarımbəndi və 6-cı hissəsi
·       "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"
6. Xidmətin həyata keçirilmə formaları
·      Xidmət yerinə gəlməklə və poçt vasitəsilə müraciət;
·      Xidmətin nəticəsinin elektron təqdim edilməsi.
7.Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
·      MKT tərəfindən yerində (şifahi və ya yazılı) məlumatlandırma;
·      MKT tərəfindən telefon zəngi və ya sms vasitəsilə məlumatlandırılma.
8.Xidmətin həyata keçirilməsinin nəticəsi
 Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi.
9.Xidmət istifadəçisi barədə məlumat
Aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektləri və ailə kəndli təsərrüfatları (bundan sonra- sahibkarlıq subyektləri)
10.Xidmətin həyata keçirilməsi müddəti
 
·      Kredit, lizinq və güzəştin verilməsi üzrə müraciətlərə MKT tərəfindən baxılması – müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günü;
·       MKT tərəfindən müsbət qiymətləndirilmiş müraciətlərə Agentlikdə baxılması – təqdim edildiyi tarixdən 15 iş günü;
·      Agentlik tərəfindən vəsaitin MKT-nin hesabına köçürülməsi – sifariş alındıqdan sonra 3 (üç) bank günü;
·      Vəsaitin MKT tərəfindən sahibkarlıq subyektinin hesabına köçürülməsi – vəsait alındıqdan sonra 1 (bir) bank günü.
 
Qeyd. Büdcə prosesi yekunlaşmadıqda, MKT-yə büdcə çərçivəsində ayrılmış limitlər yekunlaşdıqda və ya kifayət etmədikdə və Agentliyin sərəncamında yetərli vəsaitlər olmadığı təqdirdə müraciətlər üzrə xidmətlər MKT üzrə yeni limitlər müəyyən edildikdən və maliyyə resursları təmin olunduqdan sonra icra edilir.
 
11.Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00.
12. Xidmətin göstərilmə yeri
MKT-lərin inzibati binaları.
 
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları 
  Aşağıdakı hallarda müraciətə imtina edilir:
·            Tələb olunan sənədlər düzgün və ya tam təqdim edilmədikdə, o cümlədən sənədlərdə ziddiyyətli məlumatlar olduqda;
·         Maliyyələşmə üzrə ilkin monitorinq edilərkən maliyyələşməsi nəzərdə tutulan kənd təsərrüfatı istehsal vasitəsi mövcud olmadıqda;
·         Texnoloji avadanlıq dəstləri, suvarma sistemləri və soyuducu dəstlərinin quraşdırılma vəziyyəti qənaətbəxş olmadıqda;
·         Müraciətçinin təsərrüfatında aparılan monitorinqin nəticəsi müraciət tarixinə qeyri-qənaətəxş olduqda;
·         Eyni predmetin daha əvvəl Agentliyin vəsaiti hesabına maliyyələşən predmet və ya onun hissəsi olduğu müəyyən edildikdə (təkrar müraciətlər);
·         Sənədlərdə damazlıq heyvanın cinsi, birka nömrəsi ilə əlaqədar uyğunsuzluq olduqda;
·         Alışı planlaşdırılan damazlıq heyvanlar üçün müvafiq saxlanılma şəraiti olmadıqda;
·         Maliyyələşmə anına damazlıq heyvanın tələf olması ilə bağlı məlumat daxil olduqda;
·         Damazlıq heyvanlar idxal edildikdə sahibkarlıq subyekti damazlıq heyvandarlıq təsərrüfatını “Elektron kənd təsərrüfatı” informasiya sistemindən (bundan sonra – EKTİS) qeydiyyatdan keçirmədikdə;
·         Müraciətçinin Agentlik qarşısında icra edilməyən və ya gecikdirilən öhdəlikləri olduqda;
·         Agentliyin vəsaiti hesabına əvvəllər alınmış istehsal vasitələrinin, habelə kredit və güzəşt vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, aşkar edildiyi vaxtdan növbəti 3 (üç) il müddətində;
·            İltizam üzrə tələblərin və digər öhdəliklərin yerinə yetirilməməsi halları olduqda;
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması
·         Müraciətçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə VÖEN-i, hüquqi şəxs olduqda isə hüquqi şəxsin VÖEN-i və təsis sənədlərinin əsli;
·         Müraciət edənin Agentliyə ərizəsi (1 nömrəli əlavə) və öhdəlikləri haqqında iltizam forması (2 və 3 nömrəli əlavələr);
·         Təchizatçı ilə bağlanmış alqı-satqı müqaviləsinin əsli;
·         İlkin ödənişi təsdiq edən sənədin əsli (ödəniş sərəncamı və ödəniş qəbzi);
·         Maliyyələşdirilən predmetin sığorta edilməsini təsdiq edən sənədlərin əsli (sığorta müqaviləsi, sığorta şəhadətnaməsi və sığorta haqqının ödəniş qəbzləri);
·         Maliyyələşdirilən predmetin qiymətləndirmə aktının əsli;
·         Maliyyələşdirilən predmet barədə məlumatlar (4 və 5 nömrəli əlavələr);
·         İdxal olunan kənd təsərrüfatı istehsal vasitələri üçün gömrük sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti (gömrük bəyannaməsi və invoys sənədi);
·         Kənd təsərrüfatı istehsal vasitələrinin texniki xarakteristikasını təsdiq edən, təchizatçı tərəfindən verilən sənədin əsli (kənd təsərrüfatı texnikalarına münasibətdə);
·         Damazlıq heyvan alışı zamanı qeyd olunanlarla yanaşı əlavə olaraq aşağıdakı sənədlər təqdim edilir:
·         Sahibkarlıq subyektinin təsərrüfatında alınacaq damazlıq heyvanların saxlanma şəraitinin mövcudluğu barədə sənədlərin əsli (DAİM-dən arayış, dezinfeksiya aktı);
·         Damazlıq heyvanların göstəricilərinə dair təchizatçı tərəfindən verilən məlumat və heyvanın pasportunun əsli;
·         Müraciətçi yerli damazlıq heyvan aldıqda təchizatçının damazlıq heyvandarlıq təsərrüfatının uçota alınmasına dair sənədin əsli;
·         Sahibkarlıq subyektinin damazlıq heyvandarlıq təsərrüfatının EKTİS-də qeydiyyatdan keçməsinə dair sənəd (idxal edilən damazlıq heyvanlara münasibətdə);
·         İdxal karantin aktının notarial qaydada təsdiq olunmuş surəti.
 
Ekspertiza (təhlil) üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edilə bilər.
Bütün sənədlər kağız daşıyıcıda təqdim olunur.
15. Xidmətin ödənişli və yaödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və
ödənilmə üsulları
Ödənişsizdir
 
Qeyd. MKT-lər tərəfindən xidmətlərlə əlaqədar komisyon haqlar tutula bilər.
16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. Kənd təsərrüfatı istehsal vasitəsinin satın alınması və ilkin ödənişin edilməsi
 
Sahibkarlıq subyektləri tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin alqı-satqısı ilə bağlı təchizatçı ilə müqavilə bağlanılır. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi zamanı sahibkarlıq subyektləri tərəfindən ödənməsi tələb olunan ilkin ödənişlər həyata keçirilir. İlkin ödəniş texnika üçün texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində, müvafiq damazlıq heyvan üçün damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir.
 
Addım 2. Müraciət edilməsi
 
Sahibkarlıq subyektləri kənd təsərrüfatı istehsal vasitəsinin ilkin ödənişini etdikdən sonra ödənişin qalan hissəsinə güzəşt və kreditin tətbiq edilməsi üçün MKT-yə müraciət edir. Sahibkarlıq subyekti Reqlamentin 14-cü hissəsində nəzərdə tutulmuş sənədləri MKT-nin inzibati binasına yaxınlaşaraq və ya poçt vasitəsilə təqdim edir. MKT müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. MKT aşağıdakı hədlərdə və müddətlərdə kredit və lizinq vəsaitinin əldə edilməsi, habelə tətbiq ediləcək illik faiz dərəcələri və güzəştlə bağlı sahibkarlıq subyektinə məlumat verir:
·   Tətbiq ediləcək güzəşt məbləği barədə:
 İdxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində, idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir. Qeyd olunan güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir.
 
·      Kredit və lizinq vəsaiti:
1 000 000 manatadək- kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti
 
·   Güzəştli kredit müddətləri:
 
-     damazlıq heyvanlar üçün – 3 ilədək;
-     digər kənd təsərrüfatı istehsal vasitələri üçün – 5 ilədək
 
Damazlıq heyvanların maliyyələşdirilməsi məqsədilə Agentliyin vəsaiti hesabına MKT-lər vasitəsilə ayrılmış kreditlərin illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi 2 faiz də daxil olmaqla) 7 faizdən artıq deyildir və alıcı tərəfindən ödənilir. Kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların maliyyələşdirilməsi məqsədilə Agentlik tərəfindən MKT-lər vasitəsilə ayrılan kreditlərə tətbiq edilən faizlər dövlət büdcəsinin hesabına ödənilir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir.
 
Addım 3. Müraciətə baxılması
 
MKT-lərdə müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlıq subyektinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). MKT müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri, o cümlədən sığortaçılar və sığorta vasitəçiləri tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin sığortalanmasını təsdiq edən sənədi Agentliyə təqdim edir, eyni zamanda məlumatların “Kreditlərin elektron idarəetmə sistemi” vasitəsilə Agentliyə ötürülməsini təmin edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.
 
Addım 4. Müraciətin cavablandırılması
 
Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə MKT-yə bildiriş və ya rəsmi məlumat verir. Müraciətin təmin olunmasına dair qəbul edildikdən sonra MKT vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində kredit/lizinq vəsaitinin və güzəştin MKT-nin hesabına köçürülməsini təmin edir və bu barədə məlumatı “Kreditlərin elektron idarəetmə sistemi”nə daxil edir. MKT vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə və sahibkarlıq subyektinə məlumat verir.
İlkin ödəniş və güzəşt məbləği çıxıldıqdan sonra texnikanın və damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin qalan hissəsini MKT-lər kredit və ya lizinq yolu ilə maliyyələşdirir.
 
Qeyd 1. İdxal edilən damazlıq heyvanlar üzrə güzəştlər EKTİS-də qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir.
Qeyd 2. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, kreditinin və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.
 
Addım 5. Monitorinq və qiymətləndirmə
 
MKT mütəmadi olaraq sahibkarlıq subyektinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. MKT-nin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, MKT güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun (damazlıq heyvanlara münasibətdə) vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.
Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, MKT tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
 
Qeyd. Sığortalanmış kənd təsərrüfatı texnikaları baş vermiş sığorta hadisəsi ilə əlaqədar təmirə yararsız vəziyyətə düşdüyü və ya təmiri mümkünsüz olduğu hallarda hesablanmış sığorta ödənişinin ( franşiza və digər tutulmalar çıxılmadan) 40%-i Agentliyə köçürülür, kredit və ya lizinq məbləğində hissəsi isə MKT-yə (MKT isə Agentlik qarşısında öhdəliyinin silinməsi üçün Agentliyə) köçürülür.
 
17. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin
məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri Agentlik tərəfindən xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada və ya Nazirliyin Apellyasiya Şurasına şikayət verə bilər.
Yuxarı inzibati orqana verilən inzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
Apellyasiya şurasına verilən şikayətlərin forması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 5-ci hissəsinə uyğun olmalıdır və şikayətə həmin Əsasnamənin 6-cı və 7-ci hissələrinə uyğun olaraq baxılır.
18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları
·      EKTİS
·      Kreditlərin elektron idarəetmə sistemi
19. Xidmətin elektronlaşma səviyyəsi
Qismən elektronlaşdırılıb.
20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Qismən avtomatlaşdırılıb.
21. Xidmətin elektron ünvanı
Yoxdur.