Heyvan (buzov)

                                                                “Heyvan subsidiyasının verilməsi” xidmətinə dair reqlament
1.    Xidmətin adı
Heyvan subsidiyasının verilməsi.
2.    Xidmətin məzmunu
Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə subsidiyanın verilməsi.
3.    Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – AKİA), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra – DAİM).
4.    Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölmənin adı
“ASAN xidmət” mərkəzləri, KOB evləri.
5.    Xidmətin hüquqi əsası
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın (bundan sonra – Qayda) 1.2.12-ci yarımbəndi və 4.1-ci bəndi.
6.    Xidmətin həyata keçirilmə formaları
·         Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması.
7.    Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
·         Şəxsi kabinet vasitəsilə məlumatlandırma;
·         SMS vasitəsilə məlumatlandırma.
8.    Xidmətin həyata keçirilməsinin nəticəsi
Subsidiyanın verilməsi.
9.    Xidmət istifadəçisi barədə məlumat
Fiziki və hüquqi şəxslər (fermer).
 
Qeyd: Fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və “ASAN Login” vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçən şəxsdir. 
10. Xidmətin həyata keçirilməsi müddəti
Məlumatlar DAİM tərəfindən EKTİS-də təsdiqləndikdən sonra 15 iş günü ərzində.
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
Real vaxt rejimində.
12. Xidmətin göstərilmə yeri
EKTİS (elektron kabinet vasitəsilə), DAİM, “ASAN xidmət” mərkəzləri və ya KOB evləri.
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
Qaydanın 2.10-cu, 4.1-ci bəndlərinə, 4.4.1-ci, 4.4.2-ci və 4.4.3-cü yarımbəndlərinə əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:
·         fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
·         doğulan heyvan sağlam olmadıqda;
·         süni mayalanma bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və EKTİS-də qeydiyyatdan keçmiş mütəxəssislər tərəfindən həyata keçirilmədikdə;
·         süni mayalanma məqsədi ilə yaradılmış və həmin mərkəzlərdə istehsal olunmuş, habelə EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilmədikdə;
·         buzov ölkəyə idxal olunan cins heyvandan doğulduqda;
·         tələb olunan sənədlər və məlumatlar EKTİS-ə düzgün və ya vaxtında təqdim edilmədikdə.
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
·         Bəyannamə – Elektron formada;
·         Süni mayalandırılan heyvan, süni mayalanmanın həyata keçirilməsi, süni mayalandırma nəticəsində buzovun doğulması və sağlam olması barədə məlumatlar – Elektron formada.
15. Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.
 
Qeyd: Heyvanın süni mayalanması və identikləşdirilməsi xidməti süni mayalanma mütəxəssisi ilə fermer arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.
16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Addım 1. EKTİS-də qeydiyyatdan keçib fermer statusunun alınması
Heyvandarlıq təsərrüfatına malik olan istənilən fiziki və ya hüquqi şəxs təsərrüfatı barədə məlumatları EKTİS-ə daxil edərək qeydiyyatdan keçir və fermer statusu alır. Fermer EKTİS-də birbaşa olaraq “www.eagro.az” saytı vasitəsilə özü qeydiyyatdan keçə və ya xidmət yerinə şəxsiyyət vəsiqəsi, mobil telefonu ilə gələrək “ASAN Login” vasitəsilə qeydiyyatdan keçə bilər.
 
 
 
Addım 2. Heyvanın süni mayalandırılması
Fermer heyvanı süni mayalandırmaq məqsədilə EKTİS-də qeydiyyatdan keçmiş süni mayalanma mütəxəssisini və mayalandırmaq istədiyi tarixi seçərək müraciət edir. Fermer ona ən yaxın süni mayalanma mütəxəssisi barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, DAİM və ya “Çağrı” mərkəzinə (1652) müraciət etməklə əldə edə bilər. Müraciət süni mayalanma mütəxəssisi tərəfindən təsdiq olunduqdan sonra fermer tərəfindən ünvanın, gəliş vaxtının, habelə digər müqavilə şərtlərinin dəqiqləşdirilməsi məqsədilə süni mayalanma mütəxəssisi ilə əlaqə saxlanılır. Süni mayalanma mütəxəssisi fermer ilə müqavilə bağlayaraq heyvanı süni mayalandırdıqdan sonra identikləşdirir və bununla bağlı məlumatları süni mayalanmanın aparıldığı tarixdən 30 gün müddətində EKTİS-ə daxil edir.
 
Addım 3. Süni mayalanma nəticəsində doğulan buzov barədə məlumatların EKTİS-ə daxil edilməsi
Fermer süni mayalanma nəticəsində doğulan buzov (mayalanmadan təqribən 9 ay sonra) barədə dərhal süni mayalanma mütəxəssisinə məlumat verir. Buzov doğulduqdan 10 gün sonra 5 gün müddətində süni mayalanma mütəxəssisi tərəfindən həmin buzovun da identikləşdirilməsi həyata keçirilir, buzovla bağlı məlumatlar və buzovun şəkli EKTİS-ə daxil edilir və bu barədə bildiriş EKTİS vasitəsilə EKTİS-də qeydiyyatda olan ən yaxın özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərə və ya fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərə (bundan sonra – baytarlıq subyekti) göndərilir.
 
Addım 4. Yeni doğulmuş buzovun sağlamlığının yoxlanılması
Baytarlıq subyekti süni mayalanma mütəxəssisi tərəfindən müvafiq məlumatlar EKTİS-ə daxil edildikdən sonra 5 gün müddətində buzovun sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTİS-ə daxil edir. Baytarlıq subyekti sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun sağlamlığının yenidən yoxlanılmasını təmin etməli və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir.
 
Addım 5. Subsidiyanın hesablanması
EKTİS-ə daxil edilən məlumatlar əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Fermer şəxsi kabinetində əks olunan elektron bəyannamədəki məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Hər bir sağlam buzova görə 100 manat məbləğində subsidiya hesablanır.
 
Addım 6. Monitorinqin aparılması və müraciətin təsdiq edilməsi
Fermerin müraciətini təsdiq etməsindən sonra DAİM tərəfindən 10 gün müddətində yerində müşahidə əsasında monitorinq aparılaraq heyvanın mövcudluğu müəyyən edilir və müraciət təsdiqlənir.
Baytarlıq subyektinin məlumatından şikayət təqdim edilərsə və DAİM vasitəsilə əlavə mütəxəssis cəlb edilməklə heyvanın sağlam olduğu müəyyən edilərsə, DAİM yerində müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir.
 
Addım 7. Subsidiyanın ödənilməsi
Heyvan subsidiyasına müraciətlər qəbul edildikdən sonra onlar “ödənişə hazırdır” statusuna keçir və 15 iş günü müddətində AKİA tərəfindən müvəkkil banka ödəniş tapşırıqları göndərilərək “ödənişə hazırdır” statusunda olan müraciətlər üzrə heyvan subsidiyasının məbləği fermerlərin kart hesablarına köçürülür və bu barədə fermerlərə bank tərəfindən SMS vasitəsilə məlumatlar göndərilir.
Fermerin EKTİS-ə yanlış məlumat daxil etməsi subsidiya ödənişi aparıldıqdan sonra müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi tətbiq edilir. Fermer subsidiya qaydalarını pozmaqla ilk dəfə belə hərəkətə yol verdikdə səhv ödənilən vəsait onun tərəfindən könüllü şəkildə geri qaytarıldığı təqdirdə fermerə xəbərdarlıq edilir. İlk dəfə belə hərəkətə yol vermiş fermer tərəfindən səhv ödənilən vəsait könüllü şəkildə geri qaytarılmadıqda, habelə fermer tərəfindən ikinci dəfə belə hərəkətlərə yol verildikdə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) fiziki şəxslərə münasibətdə 2 misli miqdarında, hüquqi şəxslərə münasibətdə 3 misli miqdarında cərimə tətbiq edilir. Belə hərəkətlərə 3-cü və ya daha artıq hallarda yol verildiyi təqdirdə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 4 misli miqdarında fermerlərə (fiziki və hüquqi şəxslərə) cərimə tətbiq edilir.
Fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır.
17. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
Fermer göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada poçt rabitəsi vasitəsilə, elektron üsulla  və ya şəxsən DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS-də elektron kabinet vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə həmin Qanunun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları
EKTİS.
19. Xidmətin elektronlaşdırılma səviyyəsi
Tam elektronlaşdırılıb.
20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
Qismən avtomatlaşdırılıb.
21.  Xidmətin elektron ünvanı
https://eagro.az/