Heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;
Heyvan subsidiyası süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə 100 AZN məbləğində müəyyən edilmişdir. Süni mayalanma mərkəzlərində istehsal olunmuş, EKTİS-də qeydiyyata alınan şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilməlidir. Süni mayalanmanı ixtisasartırma və ya kadrların yenidən hazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislər həyata keçirməlidir.
Məmməd dayının 10 inəyi var. Onun təsərrüfatında inəklərdən süni mayalanma yolu ilə 5 baş buzov alınarsa, o zaman Məmməd dayı hansı məbləğdə heyvan subsidiyası alacaq?
Heyvan subsidiyasının hesablanması:
Sağlam buzovların sayı x 100 AZN = heyvan subsidiyası
Məmməd dayı 5 baş buzova görə 5 x 100 = 500 AZN məbləğində subsidiya alar.